- Offside
- 18:43 29.11.2024
Dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək. Sayca səkkizinci dəfə təşkil olunacaq turnir dairəvi sistem üzrə baş tutacaq, əsasən elit şahmatçılar mübarizə aparacaqlar.
Corner.az xəbər verir ki, bu sözləri “Vugar Gashimov Memorial-2022” superturnirinə həsr olunmuş mətbuat konfransında yarışın direktoru Anar Allahverdiyev deyib.
Əməkdar məşqçi əlavə edib ki, turnirdə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun iştirakı dəqiqləşib. Digər şahmatçıların adları isə yaxın günlərdə açıqlanacaq. Şahmat idman növündə turnir cədvəli sıx olduğu üçün hazırda danışıqlar gedir.
Turnirdə yerli gənclərin də iştirakının nəzərdə tutulduğunu deyən A.Allahverdiyev Vüqar Həşimov Şahmat Fondunun əsas məqsədlərindən birinin də gənc şahmatçılar üçün yeni imkanlar açmaq olduğunu bildirib. Vurğulayıb ki, “Vüqar Həşimov” klubu cari il dördüncü dəfə klublararası Avropa çempionatında gücünü sınayıb. Komanda ötən il Avropa çempionatında mükafatçılar sırasında yer almağı bacardı. Klubun heyəti əsasən gənc şahmatçılardan ibarətdir.
Turnirin baş hakimi Lütfiyar Rüstəmov 10 şahmatçının dairəvi sistem üzrə rapid və blits yarışlarında mübarizə aparacağını deyib: “Yarışın ilk 3 günündə rapid üzrə 9 tur oynanılacaq. Hər şahmatçı 1 gündə 3 turda gücünü sınayacaq. Bir günlük fasilədən sonra şahmatçılar bir-biri ilə 2 dəfə qarşılaşmaq şərti ilə blits üzrə ümumilikdə 18 turda güclərini sınayacaqlar”.
L.Rüstəmov bildirib ki, xalların hesablanması qaydası barədə yaxın günlərdə məlumat veriləcək. Ya hər qələbə üçün 3, heç-heçəyə görə 1 xal veriləcək, yaxud da rapiddə qaliblər 2, sülhə razılaşanlar 1 xal, blitsdə isə qələbə qazananlar 1, heç-heçə edənlər 0,5 xal qazanacaqlar.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il) isə bir dəfə turnirin qalibi olublar.
Həmçinin yarışda dünya şahmat tarixində ilk dəfə innovativ yeniliklərdən istifadə olunacaq.
Ötən il turnir üçün yeni loqo hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.