29 noyabr 2024. Cümə

Millimizin baş məşqçisi: İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik


  • Offside
  • 14:49 12.12.2022
  • Oxunma sayı: 91
Millimizin baş məşqçisi: İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik
“Yarışda dünyanın ən güclü parataekvondoçuları dəvətlə iştirak edirdi. Bu siyahıda bizim 3 idmançımız yer almışdı və onlardan ikisi çıxışını qızıl medalla başa vurdu”.  Corner.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-prinin final mərhələsində 2 qızıl medal qazanan milli komandanın baş məşqçisi Fərid Tağızadə deyib. 
 
O, Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilovun (70 kq, K-44) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmasını uğurlu nəticə adlandırıb. Tağızadənin sözlərinə görə, hər 2 parataekvondoçu titullu rəqiblərindən çəkinməyərək inamlı qələbə qazanıb: “Sabir Zeynalov öncə Panamerika çempionu olan braziliyalıya qalib gəldi. Onu böyük hesabla məğlub etdikdən sonra yarımfinala vəsiqə qazandı. Bu mərhələdə son israilli dünya çempionunu məğlub etdi. Görüşdə yenə böyük hesabla qələbə qazanan 17 yaşlı Zeynalov finalda türkiyəli Avropa çempionu ilə çox ağır döyüş keçirdi. Əzmkarlıq göstərərək qarşılaşmanı əlavə vaxta daşıdı və qızıl xalla qalib gəldi. İmaməddin Xəlilov Qran-priyə Özbəkistandan olan rəqibini mübarizədən kənarlaşdırmaqla başladı. O, yarımfinalda yaponiyalı dünya üçüncüsündən üstün oldu. Finalda isə Tokio-2020-nin bürünc medalçısına da gücünü göstərərək qızıl medala yiyələndi”. 
 
Tağızadə qeyd edib ki, qazanılan nəticə gərgin məşqlərin və komandanın özünəinamından irəli gəlir: “Mançesterdə Qran-pridən uğurla qayıtdıqdan sonra bu dəfə məhz qızıl medallar qazanmağı hədəfləmişdik. Səhvlərimiz üzərində işlədik, dayanmadan məşqlər etdik. Medal qazanmayan parataekvondoçumuz Əbülfəz Abuzərli də yarışa yaxşı hazırlaşmışdı və çox gözəl də döyüşürdü. Sadəcə son dəqiqələrdə səhv onu medaldan etdi”. 
 
Baş məşqçi 2022-ci ili komandası üçün dəyərləndirib. İl ərzində qatıldıqları bütün yarışlardan medalla dönən mütəxəssis bildirib ki, bununla kifayətlənməyəcəklər və növbəti uğurlara kökləniblər: 
 
“Mançesterdə Avropa çempionatında və Qran-pridə, Prezident kubokunda, Paris Qran-prisində 3 medala sahib olduq. Sofiya Qran-prisindən 1 mükafatla qayıtdıq. Bu seriyanın final mərhələsini isə daha uğurla yekunlaşdırdıq. 2 təmsilçimiz Azərbaycan himnini səsləndirdi. Nəticələrə nəzər salsaq, qənaətbəxşdir. Reytinq xallarını da artıra-artıra gedirik. Bir sözlə, Paris-2024 Yay Paralimpiya Oyunlarına inamla addımlayırıq. Hazırda Xəlilov dünya reytinqində 2-ci, Zeynalov 3-cü dünya reytinqində 3-cü, Abuzərli 6-cı yerdədir. Digər idmançılarımız da var və hər şey Parlimpiadaya hesablanıb. Məqsədimiz Parisdə Azərbaycanı yüksək səviyyədə təmsil edib, bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirməkdir”. 
 
Çalışdırıcı gələcək hədəflərdən də danışıb. O vurğulayıb ki, gələn ilə dünya çempionatı ilə başlayacaqlar: “Düzdür, hələlik yeri və tarixi dəqiqləşməyib. Bu günlərdə məsələ həllini tapacaq. Mundialda reytinq xalını daha da yaxşılaşdırmaq üçün hər şey edəcəyik. Ondan sonra Qran-pri seriyaları və Avropa çempionatında mübarizə aparacağıq. İnanıram ki, hər şey plan üzrə gedəcək və biz daha yaxşı nəticələr əldə edəcəyik”. 
 
Qeyd edək ki, dünya reytinqində ilk “altılıq”da yer alacaq parataekvondoçular Paris-2024-ə lisenziya qazanacaqlar. Bu, gələn ilin son siyahısında - dekabrında bəlli olacaq və 2024-ün yanvarında rəsmi açıqlanacaq.






Offside