Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) İranda haqqında edam hökmü çıxarılan azərbaycanlı futbolçu Əmir Rza Nəsr Azadaniyə görə bəyanat yayıb.
Corner.az xəbər verir ki, futbolçunun etiraz aksiyalarına qatıldığı üçün barəsində çıxarılan ölüm hökmü açıqlandıqdan sonra FIFPro buna "Twitter" hesabından reaksiya verib.
Qurum “Traktor”un 26 yaşlı keçmiş müdafiəçisi haqda qərarı sərt şəkildə qınayıb: “FIFPro, ölkəsində qadın hüquqlarını və əsas azadlıqlarını dəstəkləyən etirazlardan sonra İranda futbolçunun edam olunacağı ilə bağlı xəbərlərdən şoka düşüb və qəzəblənib. Biz Əmirlə həmrəyik və onun cəzasının dərhal aradan qaldırılmasına çağırırıq”.