Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Corner.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
İlk olaraq körpücük üzərinə çəkisi 45, 49 və 55 kq olan qadınlar çıxıblar. 45 kq çəki dərəcəsində toplam 75 kq (33+42) nəticə ilə Samirə Rzayeva, 49 kq çəki dərəcəsində toplam 122 kq (57+65) nəticə ilə Nazilə İsmayılova, 55 kq çəki dərəcəsində isə toplam 132 kq (57+75) nəticə ilə Selcan Qarayeva qalib adını qazanıb.
Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.