Dekabrın 22-də Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirdə blits yarışlarına start verilib. Corner.Az xəbər verir ki, növbəti yarış günündə 9 tur oynanılıb. Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valeho Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar. Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub. Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.