29 noyabr 2024. Cümə

Millimizə görə Rusiya pasportundan imtina edən Vitali: Peşman deyiləm


  • Offside
  • 13:56 23.12.2022
  • Oxunma sayı: 113
Millimizə görə Rusiya pasportundan imtina edən Vitali: Peşman deyiləm

Azərbaycan Futzal Federasiyasının rəsmi saytında “Korifeylərimiz” rubrikası altında yeni layihəyə start verilib. Corner.az xəbər verir ki, bu rubrikada müxtəlif illərdə Azərbaycan millisinin və futzal üzrə klublarımızın formasını geyinmiş, oyunu, davranışı ilə rəğbət qazanmış futzalçılarla müsahibələr təqdim olunacaq.

Rubrikanın “start xətti”ndə Vitali Borisov dayanıb.

Baxırdın qarşında bığlı-saqqallı kişilər dayanıb

- Niyə futzalçı olmaq istədin?

- Uşaq vaxtı futbol məşqlərinə gedirdim. Sonra bəzi səbəblərdən futboldan uzaqlaşmaq qərarına gəldim. Sanki iyrəndirmişdilər.

- Səbəb nə idi?

- “Lipa”larla bağlı vəziyyət bu qərara gəlməyimə səbəb oldu. Təsəvvür edin, 14 yaşın var və meydana çıxanda görürsən ki, rəqibin heyətində sənəd üzərində sənin yaşıdın olan, amma bığlı-saqqallı kişilər yer alıb. Ən azı 3-4 yaş “lipa”larla qarşılaşmalı olurdun. Əlbəttə, fiziki baxımdan həmin yaşda onlarla mübarizə aparmaq mümkün deyildi. Sizə 1996-97-ci illərdən danışıram. Baxdım ki, vəziyyət düzələnə oxşamır, hansı yarışa gedirsən, turnirə qatılırsan, eyni mənzərədir. Buna görə də futboldan ayrıldım və dərslərimə diqqəti artırdım, ali təhsil almağı qətiləşdirdim.  

Universitetə qəbul olana qədər məhəlləmizdə yaşıdlarımız komanda yaratmışdı və məni də ora dəvət etmişdilər. Həvəskarlar Liqasında başımızı qatırdıq. Orada oynaya-oynaya müdafiəçi Xəyyam Bəkirovla tanış oldum. O, həm də “Metropoliten”in məşqçisi idi. Onun vasitəsilə həmin komandaya keçdim. Bu kollektiv də Həvəskarlar Liqasında və müxtəlif turnirlərdə iştirak edirdi. İlk maaşımı da bu komandada oynayanda aldım. Həmin vaxt biz asfalt örtüklü kiçik meydançada məşq edir, böyük meydanda oynayırdıq. Komanda yoldaşlarımdan Zaur Ramazanov, Baba Əsgərov (Babaş), Məmmədqulu Zeynalovun (Mamed) adınə çəkə bilərəm ki, futzala gəlişim də onların sayəsində oldu. Babaşla Mamed sanki məni darta-darta futzala – “Anqlo Oil”ə apardılar. Baş məşqçi Elçin Rəhimov idi, oyunumu bəyəndi, qaldım və müqavilə imzaladım. Daha sonra komandanın adı dəyişdi, “Tribut” oldu. Ondan sonra oldum futzalçı.

- İlk maaşını “Metropoliten”dən adlığını dedin. Nəyə xərclədin?

- Dəqiq yadımda deyil, yəqin ki, valideynlərimə hədiyyə aldım. Maaşım az deyildi. Hətta deyərdim ki, “Anqlo Oil”dəkindən çox idi. Adıma əmək kitabçası da açılmışdı, hələ də kitabçanı götürməmişəm, qalıb orada.

- Hansı Universiteti bitimisən?

- 1999-cu ildə Baku Dövlər Universitetinin Fizika fakültəsinə daxil oldum. Orta məktəbdə fizika və riyaziyyat fənlərini yaxşı oxuyurdum. 255 bal toplamışdım, ödənişsiz təhsil üzrə keçid balı 200 idi. Fikirləşirdim ki, bu fakültədə kompyuterlə bağlı dərslər keçiriləcək. Amma oxuyan vaxt anladım ki, yanlış ünvanı seçmişəm. Peşman deyiləm. Universitetdə oxuyan vaxtı da futzal oynayırdım. Hətta müəllimlər, universitet rəhbərliyi buna görə mənə hörmətlə yanaşırdılar.

- Dörd illik zəhmətin qarşılığında aldığın diplom bir işə yaradı?

- Yox, qalıb evdə. Bədən tərbiyəsi müəllimi işləmək istəyirdim, onun üçün də ADBTİA-nı bitirmək lazımdı. İkinci təhsil almaq haqda isə düşünmədim.   

- Futzalçı kimi məqsədinə nail oldun?

- Demək olar, istədiyimin 80-90 fazinə nail oldum. Məqsədim Azərbaycanda ən yaxşı klublarda oynamaq, milli komandanın formasını geyinmək idi. Baş məşqçi Fazil Qarayevin sayəsində milli komandaya dəvət olundum. Millidə Mahir Eyniyev, Natiq Məmmədkərimov, Ağatahir Əzimov, Allahverdi Babayev kimi korifeylər çıxış etsə də, mənim kimi gənclərə də şans verilirdi.

- O dövürdə təcrübəli futzalçıların komandaya yeni qoşulan gənclərə münasibəti, davranışı necə idi?

- Təbii ki, yaşlı, təcrübəli olduqlarını hiss etdirirdilər. Biz gənclər də onlara hörmətlə yanaşırdıq. Mentalitetə uyğun çalışırdıq bir sözlərini iki etməyək. Topları daşımaq bizlik idi (gülür). Düzdür, bəzən mübahisələrimiz də olurdu, amma hər şey meydanda qalırdı. Kimsə kimdənsə incimirdi.

Dedilər ya “Ədliyyə” ilə 3 illik müqavilə imzalayacaqsan, ya da...

- Millinin heyətində keçirdiyin ilk oyun yadında qalıb?

- Əlbəttə, onu unutmaq olar. Portuqaliyaya yoldaşlıq oyunları keçirməyə yollanmışdıq. Heyətdə 8 oyunçu və 2 qapıçı var idi. 2003 və ya 2004-cü il idi. İlk matçımı Portuqaliya millisinə qarşı keçirdim, hətta qol da vurdum. Zaur Ramazanovla “stenka” oynadıq və sonda fərqləndim. 1:2 hesabı ilə uduzduq, həm ilk oyunumu keçirdim, həm də millidə qol hesabımı açdım.  

Ondan bir qədər əvvəl futbol çempionatı dayandığına görə, futbolçular futzala axın etmişdi. Belədə fərqlənmək, heyətə düşmək çətin deyildi?

- Yəqin baş məşqçi hansısa işartı görüb. Məndən əvvəlki səfərə Mirbağır İsayev, Bəxtiyar Musayev, Ceyhun Sultanov kimi futbol millimizin üzvləri yollanmışdılar. Rəqabət çox idi.

- Böyük futbola maliyyə axını başlayan vaxt sənin də axına qoşulmaq şansın var idi?

- Şansım var idi. Hərbi xidməti “Ədliyyə”də keçmişəm. Həmin vaxt Əfqan Talıbov baş məşqçi idi. Dedilər ki, 1 il xidmət müddətini burada oynayaraq keçir, sonra qayıdarsan futzala. Yanvarda getmişdim hərbi xidmətə. Maya qədər “Ədliyyə”də çıxış etdim. Yaxşı forma yığmışdım. Yayda “İnter” və “Karvan”a keçmək imkanı yaranmışdı. Amma “Ədliyyə”dən buraxmadılar ki, sən əsgərsən, birdən gedərsən, başına bir iş gələr, bizi incidərlər. Əvəzində şərt kəsdilər ki, ya “Ədliyyə” ilə 3 illik müqavilə imzalayacaqsan, ya da xidmətin qalan 6 ayını hərbi hissədə keçirəcəksən, futbol oynamayacaqsan. Məcbur olub müqavilə imzaladım. İlk matçımızı “Şəmkir”ə qarşı keçirməli idik. Oyunöncəsi məşqdə komanda yoldaşımla mübarizə zamanı zədələndim. İki aya yaxın müalicə olundum. Geri dönəndə “Ədliyyə” artıq yaxşı forma yığmışdı, baxdım ki, mənə yer yoxdu. Üz tutdum futzala - “Terminal”a, yanvara qədər hər gün məşqə gedir, axşamlar bazaya qayıdırdım. Qışda isə xidmətim başa çatdı və 3 illik müqaviləni pozdular, sərbəst buraxdılar, incitmədilər. 2004-cü ildə “Araz-Naxçıvan” yeni yığılmışdı, keçdim bu komandaya və ilk çempionluqda iştirak etdim. Özüm “Tribut”la 2002-03-cü ildə çempionluq sevinci yaşamışdım.

- Millinin heyətində 5 dəfə Avropa, 1 dəfə dunya çempionatının final mərhələsində, “Araz-Naxçıvan”la 2 dəfə UEFA kubokunun (indiki Çempionlar Liqasının) “Dördlər Finalı”nda iştirak etmisən. Hansı sənin üçün daha yaddaqalan olub?

- Sözsüz, 2010-cu ildəki Avropa çempionatı. İlk dəfə idi final mərhələsində iştirak edirdik. Fərqli atmosferə düşmüşdük. Yekunu daha yaxşı bitirə bilərdik. Qismətimiz belə imiş. Elə vəziyyə yaranmışdı ki, Ukrayna ilə matçsonrası penaltilər seriyasında uduzsaydıq, yarışı erkən tərk edəcəkdik, əksinə, Portuqaliyanı yensəydik, finala yüksələcəkdik. Çox yaxşı il keçirdik. Ən yaxşı atmosfer isə AÇ-2016-da Serbiyada yaşandı. 16 minlik zalın 11 minini açmışdılar tamaşaçılar üçün. Serbiya millisinin oyununda çox gözəl atmosfer yaranırdı. Orada bir neçə il oynadığıma görə serblərin futzalı necə sevdiklərini yaxşı bilirəm.

- Bəs 2010-cu ildə niyə medal qazana bilmədik? Qrup mərhələsində yendiyimiz Çexiyanı üçüncü yer uğrunda oyunda udmağa nə mane oldu?

- Deməzdim gücümüz çatmadı. Əsas oyunçularımızdan Biro Jade komandaya kömək edə bilmirdi. Həm də yarımfinalda Portuqaliyaya uduzduqdan sonra sanki ruhdan düşmüşdük. Hərçənd oyunun gedişi zamanı hesabda 2:1 öndə idik. Səhvlərdən qollar buraxdıq və təəssüf ki, bürünc medal qazanmaq şansımızı qaçırdıq.

- İştirakçılar debütant Azərbaycanın adını eşidəndə təccüblənirdilər?

- Seçmə mərhələlərdə iştirak etdiyimizə görə bizi tanıyırdılar. Ancaq final mərhələsində görəndə müəyyən qədər təəccübləndilər. Gözləmirdilər Azərbaycan ora qədər gəlib çıxacaq. Lakin bu başlanğıc idi, millimiz sonrakı final mərhələlərinin daimi üzvünə çevrildi. Ümumiyyətlə, millimizin 2010-cu ildən sonra keçirilən Avropa çempionatının bütün final mərhələlərində iştirakı, eləcə də 2016-cı ildə dünya çempionatına qatılması ciddi uğurdur və bu işin başında da Zaur müəllim dayanır. Həqiqətən hansısa problemin yaranmasına, nədənsə korluq çəkməyimizə imkan vermirdi. Yəni bunları şahidi olduğuma görə deyirəm. Bir məsələni də qeyd edim ki, azacıq bəxtimiz gətirsəydi, biz dünya çempionatının final mərhələsində 4 il tez - 2012-ci ildə debüt edə bilərdik. Pley-off oyunlarında Bakıda Rusiya yığmasına 2:3 hesabı ilə uduzsaq da, Tümendə keçirilən cavab matçında rəqibimizdən daha yaxşı oynadıq, amma yekun hesab 2:2 oldu. Buna təəssüflənməyə bilmərəm. 

Təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək...

-  Ölkə xaricində oynamış azsaylı futzalçılarımızdansan. Rusiya “Dina”sına və Serbiya “Ekonomaç”ına keçidin necə alındı?

- “Dina” oyunumu Bakıda klublar arasında keçirilən Novruz turnirdə görmüşdü. 2005-ci ildə “Araz-Naxçıvan”ı “Azfarma”ya dəyişmişdim. Müqaviləm başa çatdığına görə belə etdim. Əslində, Zaur müəllim (Zaur Axundov) komandada qalmağımı istəyirdi, sadəcə, mənə təklif gəlmədiyinə görə, Azfarma“ya keçdim. Sən demə, müqaviləmin bitdiyini rəhbərliyə deyən olmamışdı. Novruz turnirində klublarımızdan “Araz-Naxçıvan”la “Azfen” iştirak edirdi və mən “Azfen”ə kömək etdim. “Azfen”lə “Dina”ya qarşı oynadım və Natiq Məmmədkərimovun ötürməsindən qol vurdum. Yekunda turnirin ən yaxşı oyunçusu seçildim. Əslində, iki namizəd var idi, mən seçim etsəydim, Tofiq Mikayılova üstünlük verərdim. Çünki o, həm gənc idi, həm də turniri yüksək səviyyədə keçirmişdi, “Araz-Naxçıvan”la da qalib olmuşdu. Həmin gün onların nümayəndəsi – Andrey Yudin və Arkadi Belıy bizim məhəlləyə gəldilər, müqavilə təklif etdilər. Amma qəbul etmədim. Qarşı tərəf 5 illik müqavilə təklif etmişdi, maaş da burada aldğımdan az idi. Əsas narazı qaldığım məqam müqavilənin uzunmüdətli olmasıydı. Sonra Belıy və Yudin ölkəmizdə işlədilər, rəhbərlikləri altında oynadım. 2007-ci ildə “Dina”nın direktoru rəhmətlik Rafiq Əlizadə zəng vurdu, komandaya dəvət etdi. Getdim Moskvaya, danışdım, razılıq verdim, amma bildirdim ki, hələlik icarə əsasında oynaya bilərəm. Çünki “Araz-Naxçıvan”la müqaviləm vardı, həm də Bakıya dönməli, Zaur müəllimin razılığını almalıyam. Onun üzərimizdə zəhməti böyük idi. Qayıtdım Bakıya, Zaur müəllimlə danışdıq, çox sağ olsun, getməyimə, təcrübəmi artırmağıma icazə verdi. Yenə deyirəm, Zaur müəllim futzalçılara çox kömək edirdi. Həmin vaxt həm də “Araz-Naxçıvan” birinci yerdə gedirdi və heyət güclü olduğuna görə, komandanın çempion olacağına inanırdıq. Buna görə də “Dina”ya getdim, mənimlə bərabər Serbiya millisinin üzvləri - Rayiç və Marko Periç də heyətə cəlb olundu. Komanda 9-cu yerdən 5-ci pilləyə qədər irəlilədi. Mövsüm başa çatdıqdan sonra qalmağımı təklif etdilər. Bildirdim ki, “Araz-Naxçıvan”ın razılığını almalıyam. Yenə Zaur müəllimlə danışdım, getmək istədiyimi, oranın tam fərqli atmosfer olduğunu bildirdim. Zaur müəllim “Araz-Naxçıvan”da qalmağımı, problemin pulla bağlı olub-olmadığını soruşdu. Dedim özümü yenə sınamaq istəyirəm. İcazə verdi, 2 illik müqavilə bağladıq. Hazırlıq zamanı ispan məşqçi Andres Migel bizi fiziki baxımdan yaxşı hazırladı və nəticədə çempionatın ilk 10 oyununun 9-da qələbə qazandıq, 1-də isə heç-heçə etdik. Ancaq baş məşqçi komandanın gücünü düzgün bölüşdürə bilmədi və seriyamız davamlı olmadı. Tədricən eniş başladı və finişə yenə 5-ci pillədə çatdıq. Sonrakı mövsüm qalmaq istəmədim. Çünki Rusiya çempionatında hər komanda cəmi 3 legioner oynada bilərdi. Komandada məndən başqa 3 serb oyunçu var idi. Təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək, qal, burada oyna. İmtina etdim, çünki Azərbaycan millisində çıxışımı davam etdirmək istəyirdim. Həm də millidə zədələnmişdim, geri dönəndə narazılıqla qarşıladılar ki, biz sənə maaş veririk, amma özünü qorumursan. Baxdım söz-söhbət yaranıb, müqaviləni pozmaq qərarına gəldim. Halbuki daha bir il qalıb, rahat şəkildə yaxşı maaş ala bilərdim. Bunu etmədim. 2010-cu ildə qayıtdım “Araz-Naxçıvan”a. Həmin vaxt Zaur müəllim yaxşı heyət yığmışdı. Həm milli, həm də klub səviyyəsində nəticə qazanmaq tapşırığı qoyulmuşdu. Biro Jade, Serjao kimi güclü oyunçular heyətə cəlb edilmişdi.

“Ekonomaç”a getməklə isə maddi baxımdan itirdim. Çünki burada “Araz-Naxçıvan”da oynayırdım və daha çox qazanırdım. Sadəcə, yerdəyişməyə, yenilənməyə (refresh) ehtiyac duyurdum. “Araz-Naxçıvan”da qalsaydım, bəlkə də karyeramı tez bitirəcəkdim. Digər klublarımız inciməsin, bu komanda hər il tək ayaqla çempion olurdu. Serbiya çempionunun prezidenti ilə yaxşı münasibətimiz var idi, sonra Rayiç də ora baş məşqçi gəldi. O da dedi ki, heyətimiz gənclərdən qurulub, bir neçə təcrübəli futzalçıya ehtiyacımız var. 35 yaşımda ikinci cavanlığımı yaşadım. İki il orada oynadım, ardıcıl çempionluq qazandıq, Çempionlar Liqasında yaxşı matçlar keçirdik. Demək olar, əvəzlənmirdim, daim meydanda olurdum. Yaşadığım ölkəni də çox sevdim, mətbəximiz fərqli olsa da, dilini tez öyrəndim. Onlarda da türk sözləri çoxdur, insanları da istiqanlıdır. Yenə deyirəm, maddi baxımdan uduzsam da, orada oynadığıma görə peşman deyiləm.

- Bəs yerli futzalçılarımız niyə legioner həyatı yaşaya bilmirlər? Daha doğrusu, marağında deyillər?

(ardı olacaq)







Offside