29 noyabr 2024. Cümə

Region idmançıları üçün təlim-məşq toplanışı təşkil edilib


  • Offside
  • 16:44 23.12.2022
  • Oxunma sayı: 111
Region idmançıları üçün təlim-məşq toplanışı təşkil edilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində 18 yaşadək region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir.

ACF-dən Corner.Az-a verilən məlumata görə, 80-dən çox yeniyetmə idmançının iştirak etdiyi təlim-məşq toplanışı 30 dekabra qədər davam edəcək.

Hazırkıq prosesi zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilir. Təlim-məşq toplanışı 24 - 27 yanvarda U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır.

Təlim-məşq toplanışında 21-22 dekabrda ACF-in hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova tərəfindən yeniyetmə cüdoçular üçün seminar keçirilib. Seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər və qaydalar əyani şəkildə nümayiş etdirilib. Seminar zamanı idmançıları maraqlandıran suallar cavablandırılıb.

Yeniyetmələrin gələcəkdə təcrübəli, peşəkar idmançı kimi yetişməsi, onların yerli və beynəlxalq yarışlarda uğurla təmsil olunmalarının təməlində mütəmadi olaraq təlim-məşq toplanışları durur. Bu cür təlimlərin təşkili regionlarda cüdonun daha da kütləvləşdirilməsi və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verir.

Bildirilib ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcək.







Offside