29 noyabr 2024. Cümə

Kimin düz, kimin səhv olduğu göründü


  • Offside
  • 17:20 30.12.2022
  • Oxunma sayı: 113
Kimin düz, kimin səhv olduğu göründü

“Səbail”in futbolçusu Adil Nağıyev Azərbaycan Premyer Liqasında debütünü 2015/2016 mövsümündə “Zirə”nin heyətində edib.

2019-cu ilin ilk altı ayında “Sumqayıt”ın formasını geyinən müdafiəçi həmin ilin yayında “Səbail”ə keçib.

Müxtəlif vaxtlarda 3 matçda Azərbaycan millisinin şərəfini qoruyan 27 yaşlı oyunçu cari mövsümün əvvəlində baş məşqçi Mahmud Qurbanovun istəyi ilə “Şamaxı”ya icarəyə verilib.

“Səbail”də ötən gün edilən baş məşqçi dəyişikliyinin ardından Nağıyev bu gün komandaya qaytarılıb.

Paytaxt təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Adil Nağıyevin müsahibəsi

- Mövsümün əvvəlində birillik “Şamaxı”ya icarəyə verilsəniz də, artıq müqavilə ilə məxsus olduğunuz “Səbail”ə qayıtdınız. Vaxtından əvvəl dönməyiniz necə baş verdi?
- “Səbail” rəhbərliyindən mənimlə əlaqə saxladılar. Özümün də bəzi problemlərim var idi, uzaq olduğu üçün Şamaxıda qala bilmirdim. Ailəmdən ayrı düşmüşdüm. “Şamaxı” rəhbərliyinə təşəkkür edirəm ki, istəyimi anlayışla qarşıladı. Oturub söhbət etdik, qarşılıqlı razılıqla müqaviləyə xitam verdik.

- “Səbail”ə qayıtmağınızda, yəqin ki, Şahin Diniyevin ora baş məşqçi təyin olunması böyük rol oynadı...
- Əlbəttə ki, rolu oldu. Baş məşqçi istəməsəydi, qayıda bilməzdim. Şahin müəllimin dönməyimlə bağlı istəyi var idi. Hərtərəfli düşündüm, bunun ən doğru variant olduğuna qərar verdim.

- Şahin Diniyevlə danışmısınız?
- Bəli, əlaqə saxladı, məni komandasında görmək istədiyini bildirdi. Onun etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Hələ mövsümün əvvəlində “Şamaxı”ya keçsəniz də, sanki ürəyiniz “Səbail”də qalmışdı...
- Düzdür. Üç il idi ki, “Səbail”də çıxış edirdim. Özüm də tez-tez klub dəyişməyi xoşlamıram. Cari mövsümün əvvəlində rəhbərlik iddialı çıxış etmələri üçün komandaya yaxşı imkanlar yaratmışdı. Bəzi səbəblərdən buradan ayrılmalı oldum. Halbuki bunu istəməzdim. “Səbail”də qalıb, özümü sübut edə bilərdim. “Şamaxı”ya keçdiyim üçün də peşman deyiləm. Orada mənə şərait yaratdılar, yarım mövsüm çıxış etdim. “Şamaxı”da yaxşı dostlarım var.

- “Şamaxı”da yenidən əvvəlki formanızı bərpa etdiniz. Düşünmək olar ki, oyununuzla sizi “Səbail”də istəməyən keçmiş baş məşqçi Mahmud Qurbanova nəyisə sübut etdiniz?
- İndi elə dövrdür ki, futbolçuya təkcə oyununa görə yox, hərtərəfli baxırlar. Mən də “Şamaxı”da özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Bu, həm “Şamaxı”ya, həm də gələcək karyerama xeyir olardı. İlk gündən bacardığımın ən yaxşısını eləmək istədim. Görünür, yaxşı oynadım, göz önündə oldum ki, məni yenidən “Səbail”də görmək istədilər.

- “Şamaxı”ya keçidiniz sizi geri, yoxsa irəli atdı?
- Geri atdığını düşünmürəm. Düzdür, baş məşqçi məni komandadan göndərdi. Amma hadisələr indi kimi irəli, kimi geri atdığını göstərir. Kimin düz, kimin səhv olduğu da göründü. Bu barədə çox danışmaq da istəmirəm. İcarə əsasında getsəm də, “Şamaxı”dakı oyunumla heç kimdən zəif olmadığımı sübut elədim. Keçmiş baş məşqçi özü bu mövsüm hər oyundan sonra “Səbail”in müdafiə xəttində problemlər olduğunu bildirirdi.

- Heyəti formalaşdırdığını nəzərə alsaq, sizsiz “Şamaxı”ya çətin olmayacaq?
- İnanmıram ki, yoxluğum onlara problem yaradar. Orada yaxşı futbolçular var. Əvəzedilməz oyunçu yoxdur.

- “Səbail” mövsümün ilk yarısını turnir cədvəlinin sonuncu pilləsində başa vurub. Buna münasibətiniz necədir?
- Rəhbərliyin hərtərəfli diqqət və qayğısı qarşılığında komanda çox yaxşı yerlərdə olmalı idi. Bütün futbol ictimaiyyəti bu mövsüm “Səbail”dən uğurlu nəticələr gözləyirdi. Xüsusən də, oyun baxımından komandadan çox şey gözlənilirdi. Futbolda bəzən hər istədiyin olmur. Turnir cədvəlində sonuncu pillədə olmaları da rəhbərliyi baş məşqçi dəyişikliyinə vadar elədi.

- “Səbail”in mövsümün ikinci yarısı ilə bağlı hədəfləri nələrdir?
- Komanda sonuncu pillədə qalmamalı, turnir cədvəlinin daha yuxarı yerlərinə qalxmalıdır. Ölkə kubokunda da mübarizəni davam etdiririk. Əsas hədəf əvvəlcə finala adlamaq və ardından kuboku qazanmaqdır. (report)







Offside