Braziliya əfsanəvi futbolçu Peleni son mənzilə yola salıb. Corner.az xəbər verir ki, 82 yaşlı futbol kralının vida mərasimi “Santos”un ev oyunlarını keçirdiyi stadionda təşkil olunub.
Pele dünyanın ən məşhur şaquli qəbiristanlıqlarından birində - Santosdakı memorial ekumenik nekropolda dəfn edilib.
Pele ilə vida mərasiminə gələnlər stadiona gedən yolda onu alqışlarla, futbol azarkeşləri isə atəşfəşanlıq və fişənglərlə qarşılayıb. “Vila Belmiro” stadionunun ətrafında böyük sıxlıq və növbə yaranıb. Vida mərasiminə VİP qonaqlar da təşrif buyurublar. Onların arasında FİFA prezidenti Canni İnfantino da yer alıb. Əvəzində Braziliya millisinin lideri Neymarın vida mərasiminə təşrif buyurmaması təəccüblə qarşılanıb. Onun atası isə mərasimə gələnlər arasında olub.
Vida mərasimindən sonra Pelenin tabutu Santos küçələri ilə futbol kralının 100 yaşlı anasının yaşadığı evə aparılıb. Dəfn mərasimində yalnız keçmiş futbolçunun ailə üzvləri iştirak edib.
Sonda onu da qeyd edək ki, Santosdakı Memorial Ekumenik Nekropoldakı qəbiristanlıq Pelenin istəyi ilə seçilib. Şaquli qəbiristanlıqlar ərazi çatışmazlığı və artan əhalinin kontekstində nisbətən yeni qlobal tendensiyadır. Əslində bunlar cəsədləri olan tabutların saxlandığı hündürmərtəbəli binalardır. Santosdakı kompleks ən böyük və infrastruktur baxımından ən inkişaf etmiş kompleksdir. Nekropol 1983-cü ildə tikilib və 32 mərtəbədən ibarətdir. Bina dünyanın ən hündür qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.