29 noyabr 2024. Cümə

Azərbaycanın daha bir boksçusu finala yüksəldi


  • Offside
  • 11:21 19.01.2023
  • Oxunma sayı: 80
Azərbaycanın daha bir boksçusu finala yüksəldi
Azərbaycanın daha bir boksçusu Aynur Mikayılova Serbiyanın Sombor şəhərində qız və qadınlar arasında keçirilən Millətlər kubokunda finala vəsiqə qazanıb. Corner.az xəbər verir ki, 1/4 finalda macarıstanlı Laura Horvatı məğlub edən Mikayılova yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkib.
 
52 kq çəki dərəcəsində gənc boksçular arasında baş tutan döyüş A. Mikayılovanın qələbəsi ilə yekunlaşıb – 5:0 (30:26, 30:27, 30:24, 30:27, 30:27). O, yanvarın 22-də baş tutacaq finalda Draqana Yovanoviçlə (Serbiya) üz-üzə gələcək.
 
Yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı rinqə çıxıb.
 
Böyüklərin mübarizəsində Günel Rəhimova da mərhələ adlayıb. 48 kq çəkidə qüvvəsini sınayan boksçu 1/4 finalda əlcəzairli Fatiha Mansuri ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Rəhimova finala gedən yolda Nikola Durikova (Slovakiya) ilə münasibətinə aydınlıq gətirəcək.
 
Digər boksçulardan Anaxanım İsmayılova (50 kq) yarımfinalda Petra Mezeiyə (Macarıstan) məğlub olaraq, 3-cü yeri tutub. Məhsəti Həmzəyeva (57 kq) isə 1/4 finalda Lakramioara Periyoça (Rumıniya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb.
 
Yarışın 3-cü günündə millimizin 2 üzvü döyüşə çıxacaq.
 
13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun ilk günündə gənc boksçular arasında mübarizə aparan Nərmin Əlizadə (50 kq) və Aysu İsmayılova (48 kq) bürünc medala sahib olublar.






Offside