29 noyabr 2024. Cümə

Lider növbəti dəfə xal itirdi


  • Offside
  • 22:30 19.01.2023
  • Oxunma sayı: 116
Lider növbəti dəfə xal itirdi

Kişilər şahmatçılar arasında Azərbaycan çempionatında VII turun görüşləri keçirilib.

Corner.az-ın məlumatına görə, çempionatın lideri Vasif Durarbəyli ardıcıl ikinci dəfə xal itirib. Bu dəfə Durarbəyli qara fiqurlarla Vüqar Əsədli ilə heç-heçə oynayıb. Reytinq favoriti Nicat Abasov qara fiqurlarla Xəzər Babazadə ilə “sülh”ə razılaşıb.

Liderləri izləyən Aydın Süleymanlı hesabat turunda Məhəmməd Muradlıya uduzub. İsmayıl Şahəliyev ağ fiqurlarla Eltac Səfərli ilə bacarmayıb 0-1.

Murad İbrahimli Fariz Əhmədova, Vüqar Manafov isə Şiroğlan Talıbova qalib gəlib. Qələbə qazanan hər iki şahmatçı bu tur qara fiqurlarla mübarizə aparıb. Əhməd Əhmədzadə Şahin Vəliyevi, Elvin Bayramov isə İsmayıl Qurbanovu təslim olmağa məcbur edib. Xaqan Əhmədlə Fərid Mustafayevin görüşü bərabərliklə başa çatıb.

Ülvi Sadıqov və Abdulla Qədimbəyli arasında görüş baş tutmayıb. Xəstələnən Qədimbəyli bu turdan etibarən ölkə çempionatında çıxışını dayandırıb. Rəqibi gəlmədiyinə görə Ülvi Sadıqovun aktivinə texniki qələbə yazılıb.

7 turdan sonra aktivində 6 xal olan Vasif Durarbəyli liderliyini davam etdirir. Liderdən 1 xal geri qalan Vüqar Əsədli ikinci yerdədir. Növbəti sıralarda hərəyə 4,5 xal toplayan Nicat Abasov, Məhəmməd Muradlı, Xəzər Babazadə və Eltac Səfərli qərarlaşıb. 7-9-cu sıraları bölüşən Aydın Süleymanlı, Ülvi Sadıqov və Murad İbrahimli hərəyə 4 xal əldə edib.

Növbəti turun oyunları yanvarın 21-də oynanılacaq.

Qeyd edək ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşlərindən sonra məlum olacaq.







Offside