- Offside
- 14:29 28.11.2024
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyada “RİA Novosti Sport”a müsahibə verib. Corner.az xəbər verir ki, 36 yaşlı qrossmeyster müsahibə zamanı bir çox məsələlərə toxunub.
- Sizcə, Maqnus Karlsen aktiv şahmata qayıdacaq?
- Dünya çempionu adı uğrunda mübarizəni aktiv adlandırırsınız? Düşünürəm ki, şahmat tacının çəkilmə sistemi dəyişdirilməsə, çox güman ki, qayıtmayacaq. Çünki Karlsen zirvədə ayrılmaq istəyən biridi. O, artıq indiki sistemlə oynamaqda xüsusi maraqlı deyil. Əgər heç nə sürətlənməsə və klassik tac formatı qalsa, geri qayıtmayacaq. Belə olmasaydı, Maqnus getməzdi.
- Hazırda daimi olaraq Moskvada yaşayırsınız?
- Xeyr, bir müddət burada, bir müddət Bakıda yaşayıram. Klassik turnir cədvəli olanda, yarım il evdə olmursunuz. İndi Moskvadayam. Amma həmişə çalışıram ki, Bakıya gedib bütün tanışlarımla görüşüm.
- Özünüzü bakılı, yoxsa moskvalı kimi hiss edirsiniz?
- Əlbəttə ki, özümü bakılı kimi hiss edirəm. Bakı mənim doğma şəhərimdi, oranın hər guşəsini gözəl bilirəm. Amma Moskvanı da uşaqlıqdan yaxşı tanıyıram. Burada çoxlu bakılılar yaşayır. Hətta söhbətlər zamanı məndə hələ də Bakı ləhcəsi olduğunu eşidirlər. Düzü, özümü hər yerdə rahat hiss edirəm. İspaniyada elə şəhərlər var ki... Məsələn, Harri Kasparovu məğlub etdiyim Linares. Yaxud Yunanıstanda dünya çempionu olduğum bir çox yerlər. Təbii ki, 2009-cu ildə Azərbaycan komandası ilə Avropa çempionu olduğumuz Serbiyanı da qeyd etməliyəm. Hər yerdə özümü fəxrlə azərbaycanlı kimi hiss edirəm. Rusiyada, Türkiyədə, dünyanın başqa ölkələrində diaspor nümayəndələri mənə yaxşı münasibət bəsləyirlər.
- Bakı həm də futbol şəhəridi. Futbolu seçmək variantınız olub?
- Xeyr, uşaqlıqda dərhal şahmata başlamışam. Atam ustalığa namizəd olub, başqa heç nə düşünmürdü. Arzusunu hansısa yolla həyata keçirməyimi istəyirdi. Uşaqlıqdan böyük şahmatçılar kimi, mən də böyük səhnələrdə oynamaq ümidi ilə böyümüşəm. Atam çox sərt müəllim idi. Onun aydın missiyası var idi. Ona çox minnətdaram.
- Tarixin ən yaxşı üç şahmatçısı kimləri sayırsınız?
- Robert Fişer, Mixail Tal və Anatoli Karpov.
- Azərbaycanın bir çox futbolçusu SSRİ və Rusiya çempionatlarında çıxış edib. Onlardan hansını ən görkəmli hesab edirsiniz?
- Ələkbər Məmmədovun adını çəkərdim. Axı o, bir vaxtlar (1955-ci ildə) Moskva “Dinamo”sunda oynayarkən səfərdə “Milan”a dörd qol vurmuşdu. Anatoli Banişevski isə bir vaxtlar “Neftçi”də çox parlaq oynayırdı. Yəqin ki, futboldan daha bir nəfəri - 1966-cı il dünya çempionatının finalında mübahisəli qərarla İngiltərə yığmasının qolunu hesaba almış yan xətt hakimi Tofiq Bəhramovu qeyd etmək olar. İngilislər indi də ona dua edirlər. Mən Məmmədovla danışmağa müvəffəq olmuşam. Prezident təyyarəsi ilə birlikdə Naxçıvana Olimpiya Stadionunun açılışına getmişdik. Bizi bir otağa yerləşdirdilər. Daha sonra futbolu tamam başqa səviyyədə başa düşən dahi ilə söhbətləşdim. Qeyri-adi ifadələri və zarafatları ilə diqqətimi çəkdi. İndi hərdən tanınmış şərhçilərə baxıram və başa düşürəm ki, onlar heç Məmmədova yaxın deyillər. Bu, tamamilə fərqli bir futbol anlayışı idi. Anladım ki, şahmatda olduğu kimi, futbolda da müəllim oyunun özündən heç də az əhəmiyyət kəsb etmir. O, futboldan danışanda özümü hansısa performansın bir parçası kimi hiss etdim. Düzgün təqdim olunanda, bəzi məqamlar doğru təhlil ediləndə futbola tamam başqa cür baxırsan. Bundan sonra futbol nəzərəçarpacaq dərəcədə iştah açan olur.
- Elit şahmatçı ciddi uğur qazanmaq üçün eqoist olmalıdı?
- Dünya çempionu olmaq üçün bəli. Ümumiyyətlə, bu, tələb olunmur.
- Şahmat karyeranız artıq uğurlu alınıb?
- Uğurlu demək olar. Çünki uşaqlıqda arzuladığım, demək olar ki, hər şeyi etdim. Ən vacib titul olan dünya çempionluğu yoxdu. 2019-cu ildə Dünya Kubokunu qazanmağı bacardım. Bu, məncə, dünya çempionundan sonra ikinci tituldu. Turnir bir aya yaxın çəkir, ən ağır sınaqdı. Çünki uğursuz bir gediş hər an yarışdan kənarlaşdırılmağınıza səbəb ola bilər. Dünya çempionu olmaq istərdim. Baxmayaraq ki, yaş artdıqca bunu etmək getdikcə çətinləşir.