Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışı davam edir. Yanvarın 30-da veloturun 4-cü mərhələsi keçirilib. Corner.Az xəbər verir ki, “Kalba Flag Island”dan start götürən idmançılar dağ yolları ilə 110.24 km məsafə qət edərək “Khorfakkan Al Suhub Mountain” ərazisində finişə çatıblar. Yarışda iştirak edən Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının üzvü Elgün Əlizadə digər komandaların velosipedçilərinin səhvindən baş verən qəzada yıxılaraq zədələnsə də, əsl mübarizlik nümayiş etdirib. Dizindən, çiynindən və üzündən xəsarət alan idmançımız həkimlərin dərhal müdaxiləsindən sonra əzmkarlıq göstərərək yarışa davam edib və qarşıdakı qrupa çatıb. E.Əlizadə marşrutu uğurla başa vuraraq mərhələni 61-ci yerdə bitirib (02h42'45''). Yığma komandamızın üzvlərindən ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, 2 saat 38 dəqiqə 19 saniyə nəticə ilə 18-ci pillədə yer alıb. Elçin Əsədov 49-cu (02h41'45''), Şahin Eyvazov 98-ci (02h48'58''), Nəcəf Bağırov isə 111-ci (02h51'46'') sırada qərarlaşıblar. Taylandın “Roojai Cycling Team” klubunun niderlandlı idmançısı Van Engelen Adne (02h36'22'') mərhələnin qalibi olub. Dördüncü mərhələdən sonra M.Mikayılzadə ümumi təsnifatda 15-ci sıraya yüksəlib (08h24'58''). O, yarışın liderindən 2 dəqiqə 9 saniyə geri qalır. Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin mübarizə apardığı veloturun sonuncu - 5-ci mərhələsi yanvarın 31-də baş tutacaq.