“Ferensvaroş”un zədələnən hücumçusu Ovusu Kvabenanın durumu müəyyənləşib. Corner.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Budapeşt klubunun idman direktoru Tamaş Haynal qanalı futbolçunun zədəsinin ciddi olduğunu söyləyib.
Klub rəsmisi onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib. O, Ovusunun Avropa Liqasının 1/8 final mərhələsində ilk oyuna kimi hazır olacağı istisna edilmədiyini bildirib. Bu mərhələnin görüşləri 9 və 16 martda baş tutacaq.
Ovusu ötən həftə Macarıstan çempionatının 18-ci turunda "Uypeşt"lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı topuğundan ağır zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib. O, bundan əvvəl debüt matçında - "Pakş"a qarşı görüşdə (3:1) komandasının ilk qolunu vurmuşdu.
Xatırladaq ki, Ovusu bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a keçib.