İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu gün Azərbaycan cüdoçuları üçün uğurlu alınıb.
100 kq-da çıxış edən Zelim Kotsoyev qızıl medal qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri isə monqolustanlı Tsetsensengel Odxugiyn ilə mübarizədə məğlub olaraq gümüş medala yiyələnib.
90 kq-da yer alan Məmmədəli Mehdiyev isə bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedondan üstün olub.
Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) 1/8 finalda uduzaraq medalsız qalıb.
Xatırladaq ki, daha əvvəl 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov “Böyük Dəbilqə”nin gümüş medalını qazanmışdı.