Fevralın 18-19-da Gənclər və İdman Nazirliyi və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirilib. Corner.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən mövsümün ilk ölkədaxili velosiped yarışının birinci günü idmançılar fərdi ötüşmə, ikinci günü isə qrup ötüşməsində mübarizə aparıblar. Ümumilikdə 62 velosipedçinin iştirak etdiyi yarışın hər iki mərhələsi “Dreamland” Qolf Klubun yaxınlığında keçirilib. Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar fərdi ötüşmə növündə 14 kilometr, qrup ötüşməsində 80 kilometr, yeniyetmə oğlanlar və qadınlar fərdi ötüşmə növündə 7 kilometr, qrup ötüşməsində isə 48 kilometr məsafə qət ediblər. Nəticələrə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN), yeniyetmə oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini qabaqlayaraq hər iki növ üzrə birinci yerə layiq görülüblər. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.