28 noyabr 2024. Cümə axşamı

Atırau'nun vurduğu 18 qolda birbaşa iştirakım olub


  • Offside
  • 13:20 27.02.2023
  • Oxunma sayı: 84
Atırau'nun vurduğu 18 qolda birbaşa iştirakım olub

"Komandanın vurduğu 18 qolda birbaşa iştirakım olub".

Corner.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında futzal üzrə Azərbaycan millisinin və "Atırau" klubunun qapıçısı Rövşən Hüseynli Qazaxıstan çempionatının XXXII turunda "Astana"ya vurduğu qollar barədə danışarkən deyib.

Paytaxt təmsilçisinə 4:1 hesabı ilə qalib gəldikləri matçda dubl edən 32 yaşlı qolkiper bundan əvvəlki görüşlərdə də fərqləndiyini bildirib: "Sadəcə, karyeramda ilk dəfə idi ki, bir oyunda 2 qol vururdum. Bunun davamlı olması üçün öz üzərimdə çalışacağam. Həmçinin, aktivimdə 6 məhsuldar ötürmə də var".

Hüseynli vurduğu qollardan sonra qazaxıstanlı şərhçinin onu "şapşan" adlandırmasına da toxunub: "Bu, qazax dilində çevik, reaktiv deməkdir. Daha əvvəl mənə "stena" (divar), "tiqr" (pələng) kimi ləqəblər də qoyulub. Yəni müxtəlif vaxtlarda fərqli ləqəblərlə müraciət ediblər".

Qazaxıstanda işlərinin normal getdiyini söyləyən qapıçı klubun verdiyi vədlərə əməl etdiyini vurğulayıb: "Heç bir çətinliyim yoxdur. Komandada hər şey qaydasındadır. Məqsədimiz dünənki oyunda qələbə qazanıb pley-offa vəsiqəni tam təmin etmək idi".

Karyerası ilə bağlı da danışan qolkiper müxtəlif ölkələrdən təkliflər aldığını gizlətməyib: "Amma bu barədə danışmaq istəmirəm, çünki çox tezdir. "Atırau" ilə müqaviləm var, bütün fikrimi bu komandaya yönəltmişəm. Vaxtı çatanda digər məsələlər barədə danışacağam".

Qeyd edək ki, Rövşən Hüseynli ötən ilin oktyabrından "Atırau"da çıxış edir.







Offside