Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub.
Corner.Az xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 104 kişi, 43 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını göstərib.
İki gün davam edən yarışın nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova (SOCAR) baş mükafata layiq görülüb. Rəna Vahabzadə ( Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) ikinci, Leyla Bağırova (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə Yeganə Əlizadə (Mərkəzi Ordu İdman Klubu) üçüncü yeri tutub. Kişilərin turniri Əli Bayramovun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) qələbəsi ilə nəticələnib. Vüqar İbrahimov (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ikinci, Yaşar Mövlamovla (Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi) Fəxrəddin İsmayılov (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) üçüncü pilləsinə qalxıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirdə fərqlənən iştirakçılar diplom və mükafatlarla təltif olunublar.