Dünən FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Corner.az milli assosiasiyanın saytına istinadən xəbər verir ki, görüşdə FIFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə ediblər.
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun da iştirak etdiyi görüşlə bağlı Rövnəq Abdullayevin fikirləri belə olub: “Həmişəki kimi FİFA prezidenti ilə əla görüşümüz oldu. Əsasən layihələri müzakirə etdik. FİFA-ya və qurumun rəhbərliyinə AFFA-ya və Azərbaycan futboluna verilən dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu dəstək davam edəcək. İnfrastruktur layihələri, futbolun inkişafı, Azərbaycanda hakimlərin hazırlanması və inkişafı kimi məsələlər müzakirə olundu. Hər məsələdə dəstək gördük. FİFA Forvard layihəsində də önəmli yer alırıq. Azərbaycanda qadın futbolu hələ “gənc” olsa da, Şərq, müsəlman ölkələri arasında lider mövqelərindən birindəyik. 2012-ci ildə qadınlar arasında 17-ci dünya çempionatının Bakıda keçirilməsi ölkəmizdə qadın futboluna böyük dəstək oldu və onun inkişafına dəstək verdi”.
Abdullayevin xatırlatdığı “FIFA Forward” layihəsi haqda daha geniş bilgi vermək istəyirik. FİFA-nın yaxınlarda açıqladığı hesabatdan aydın olur ki, başqa milli federasiyalar kimi, AFFA da yaxın 4 il (2023-26) üçün əvvəlki tsikl ilə müqayisədə 29 faiz artıq pul alacaq. Dünyanın ali futbol qurumun açıqladığı hesabatda yer alan rəqəmlərdən görünür ki, İnfantino FİFA prezidenti seçildiyi 2016-dan bəri milli assosiasiyaların maliyyələşməsi 7 dəfə artıb.
FİFA 2023-26-cı illəri əhatə edəcək “FİFA Forvard” proqramının maliyyələşdirilməsinə 2 milyard 250 milyon dollar ayıracaq, yəni FİFA üzvü olan 211 milli assosiasiyanın hər biri 8 milyon dollar alacaq.
Xatırladaq ki, 2019-22-ci illəri əhatə edən tsikldə bu layihəyə 1 milyard 746 milyon dollar ayrılmışdı.