28 noyabr 2024. Cümə axşamı

Əsas mərhələni lideri kimi tamamlamalıyıq


  • Offside
  • 17:44 01.03.2023
  • Oxunma sayı: 85
Əsas mərhələni lideri kimi tamamlamalıyıq
DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstan və Polşa yığmaları ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi fevralın 27-dən təlim-məşq toplanışını davam etdirir.
 
Corner.az xəbər verir ki, dünən 2 məşq keçən komandamızın əsas qol ümidlərindən Tyaqo Bolinya oyunlarla bağlı, eləcə də komandadakı ab-hava haqda federasiyanın rəsmi saytına açıqlama verib:
 
“Keçirəcəyimiz hər iki oyun bizim üçün əhəmiyyətlidir. Çünki komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələni qrup lideri kimi tamamlamaq. Bunun üçün də yaxşı şansımız var.
 
Əvvəlcə Bakıda Yunanıstan millisini qəbul edəcəyik. Oyun kənardan asan dəyərləndirilsə də, bizim üçün meydanda hadisələr heç də proqnozlaşdırıldığı kimi olmayacaq. Bunun üçün yaxşı hazırlaşmalı, oyuna konsantrasiya olmalıyıq. Düzdür, Afinada rəqibimizi 7:0 hesabı ilə yenmişik. Ancaq hər oyun fərqli olur. Rəqibimizə hörmətlə yanaşmalıyıq.
 
Polşa ilə matça gəldikdə, bu duel çox çətin keçəcək. Onlar fiziki cəhətdən güclü, təcrübəli futzalçılardan təşkil olunmuş komandadır. Bakıdakı matçı da xatırlasaq, vəziyyət aydın olar.
 
Hazırda turnir cədvəlinə Azərbaycan millisi başçılıq edir. Son iki matçdan sonra da hazırkı mövqeyimizdə yer almaq istəyirik. Şansımızı düzgün dəyərləndirməyə çalışacağıq.
 
Komandada atmosfer çox yaxşıdır. Demək olar, hamımız yaxşı formadayıq, öz klublarımızda daimi oynayırıq, hazırıq. Problem vaxt azlığı ilə bağlıdır. Bu müddəti də FİFA təyin edir. Biz keçirəcəyimiz 5 məşqdən maksimum istifadə etməli, baş məşqçinin taktiki tapşırıqlarını mənimsəməliyik. Əmin ola bilərsiniz ki, meydana kim çıxsa, bacardığının ən yaxşısını edəcək. Yeri gəlmişkən, azarkeşlərimizə səslənirəm: martın 3-də hər birinizi Bakı İdman Sarayında gözləyirik. Dəstəyiniz bizim üçün vacibdir. İndiyə qədər bizi yalqız buraxmamısınız, bu dəfə də belə olacağına əminəm”.
 
Qeyd edək ki, millimiz martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtlar saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq.
 






Offside