17 yaşadək həndbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Corner.az xəbər verir ki, baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə "AHF Arena"da keçirilən təlim-məşq toplanışına 18 həndbolçu cəlb edilib.
Toplanışda komandanın fiziki və taktiki-texniki hazırlığına önəm verilir. Hazırlığın növbəti mərhələsi 18-28 mart tarixində Göygöl Olimpiya Kompleksində təşkil olunacaq.
17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.