“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan yaşıl meydanlara qayıdır. Corner.az xəbər verir ki, sabiq yarımmüdafiəçi xeyriyyə xarakterli oyunda meydana çıxacaq.
Qarşılaşma bu gün Marmarisdə baş tutacaq. Sabiq oyunçu “Marmaris 1923 Spor”un zəlzələdən əziyyət çəkənlərə yardım üçün təşkil etdiyi matçda iştirak edəcək. Stadiona giriş pulsuz olacaq və azarkeşlər özləri ilə gətirəcəkləri top, oyuncaq və əşyaları matçdan əvvəl stadiona atacaqlar.
Qeyd edək ki, karyerası ərzində “Qalatasaray”, “Atletiko” və “Barselona” kimi klublarda oynamış Arda Turanın Türkiyənin U-21 yığmasına baş məşqçi təyin olunması gözlənilir.