Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. Corner.az xəbər verir ki, 15-ci turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” gözlənildiyi kimi pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20.
Turun “Azərsu” – “İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib.
16-cı turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12.
“İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14.
“Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var.