Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək ilk oyun öncəsi futbolçularının durumunu dəyərləndirib. Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis qarşıdakı görüşlərdə, xüsusən, hücumçu Marko Arnautoviçə güvənəcəyini söyləyib.
Ranqnik zədəsini sağaldan 33 yaşlı forvardın seçmə mərhələdəki ilk görüşlərdə əsas qol silahı olacağını vurğulayıb:
“Burada olduğum vaxtdan Marko həmişə əlindən gələni edib. Nə qədər ki, millidə belə çıxışlar edəcək, burada əsas rol oynayacaq. Hazırda da yaxşı vəziyyətdədi. Qarşıdakı oyunlarda bizə böyük köməyinin dəyəcəyinə inanıram”.
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniyanı qəbul edəcək.