Martın 18-19-da Lommel şəhərində açıq Belçika çempionatı keçiriləcək. Corner.az xəbər verir ki, G2 kateqoriya yarışda Azərbaycan millisi həm qadınların, həm də kişilərin yarışında təmsil olunacaq.
Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanıb. Lommeldə də dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” - Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) çıxacaqlar.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoin isə Belçikada 6 idmançını yoxlayacaq. Yarışın mükafatları uğrunda Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova (hər ikisi 53 kq) və Fatimə Məcidova (62 kq) mübarizə aparacaqlar.
Çempionatda ATF-in baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev və beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva isə ədalət təmsilçiləri sırasında yer alacaq.
Bu gün səfərə yollanan komanda martın 20-də Bakıya qayıdacaq.