Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, bu gün daha 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/4 finalda italiyalı Mariya Feroneni "tuş"la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb - 0:5. Gültəkin sabah bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) - Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.
Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib - 2:13. Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.
Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu "tuş"la məyus edərək adını yarımfinala yazdırıb. Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub - 6:3. Birgül sabah finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.
Bu gün həm də Elnurə Məmmədova (55 kq) və Nigar Mirzəzadə (68 kq) medal şanslarını yoxlayıblar. Elnurə ötən gün polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün Elnurə bu gün bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşib. Rəqibinə 14:7 hesabıyla qalib gələn Məmmədova Avropa üçüncüsü olub.
Nigar isə ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün Nigar təsəlliverici görüşə çıxıb və polşalı Karolina Kozlovskaya 4:2 hesabıyla qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Karolina Poka (2:10) uduzan Mirzəzadə qitə birinciliyini 5-ci pillədə başa vurub.