16 dekabr 2025. Çərşənbə axşamı

Gəncə və NTD yarımfinala vəsiqəni təmin etdilər


  • Offside
  • 23:03 22.03.2023
  • Oxunma sayı: 121
Gəncə və NTD yarımfinala vəsiqəni təmin etdilər

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları baş tutub.

Corner.Az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutan oyunlarda iki qrupda ümumilikdə 4 görüş keçirilib.

A qrupunda “Sabah” “Sərhədçi” ilə qarşılaşıb. Görüş birincilərin 97:92 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah BK”nın heyətində Fuad Niftəliyev - 26 xal, 7 asist, “Sərhəçi PİK”də isə Maykl Diqqins - 25 xal, 13 ribaundla fərqlənən basketbolçular olublar.

Qrupun digər matçında “Gəncə” – “AAAF Xırdalan”ı məğlub edib – 91:65.

“AAAF Xırdalan BK” heyətində Deymon Makdouel (30 xal, 6 ribaund ), “Gəncə BK”da isə Kollin Törner (27 xal, 7 ribaund) komandalarının heyətində ən məhsuldar oyunçular olublar.

Bu nəticələrdən sonra A qrupunda “Gəncə BK” 2 oyundan sonra 4 xalla qrupda liderdir və yarımfinala vəsiqəni təmin edib. “AAAF Xırdalan” 3 xalla ikinci, eyni xala malik “Sabah BK” üçüncü, “Sərhədçi PİK” (2 xal) isə dördüncü sırada qərarlaşıb.

B qrupunda NTD “Neftçi” ilə qarşılaşıb. Bu görüşdə də birincilər qələbəyə sevinən tərəf olub - 108:89.

Görüşün ən məhsuldar basketbolçuları NTD-də Quinton Kempbel (15 xal, 3 ribaund), “Neftçi İK”da isə Yuriy Kondrakov (21 xal, 5 asist) olublar.

B qrupunun digər qarşılaşmasında  “Zirvə Astara” “Olimpik Şəki”yə şans verməyib. 94:64

Matçın ən məhsuldar basketbolçuları kimi “Zirvə Astara BK”da Ruşard Kruikşenk (32 xal, 5 ribaund), “Olimpik Şəki BK”da isə Larri Robinson (25 xal, 7 ribaund) fərqləniblər.

B qrupunda hər iki oyununda qalib gələn NTD 4 xalla liderdir. NTD basketbolçuları yarımfinala vəsiqəni təmin ediblər. Bir qələbə, bir məğlubiyyətlə 3 xal qazanmış “Neftçi İK” ikinci, eyni göstəricisi olan “Zirvə Astara BK” üçüncü, hər iki görüşünü uduzmuş “Olimpik Şəki” isə 2 xalla sonuncudur.

Qeyd edək ki, qrupun son oyunları sabah keçiriləcək.







Offside