Fransa Futbol Federasiyasının (FFF) Hakimlər Komissiyası Liqa 1 hakimlərinə elektron məktub göndərərək, müsəlmanların müqəddəs Ramazan ayında oyunlarda fasilələrə qadağa qoyulduğunu elan edib. Corner.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“Federasiya Ramazan ayında oyun fasilələri ilə bağlı qadağaları diqqətə çatdırıb. Lakin bu fasilələr federasiyanın nizamnaməsinin müddəaları ilə üst-üstə düşmür.
Federasiya və onun orqanları dövlətin həvalə etdiyi ictimai xidmət missiyasına cavabdehdir, Fransa Respublikasının əsas dəyərlərini qoruyur və hansısa ayrı-seçkiliyin və ya fərdin ləyaqətinə, xüsusən də, siyasi və dini mənsubiyyətinə görə təhqirin qarşısını almalıdır.
Bu müddəaları pozan hər bir şəxs intizam və ya qanuni məsuliyyətə cəlb olunacaq. Hər hansı siyasi, ideoloji, dini və ya həmkarlar ittifaqı çıxışları qadağandır” – məktubda qeyd edilir.
“Ekip” nəşri daha əvvəl Ramazan ayında oruc tutan futbolçular üçün Fransa çempionatında fasilə verilməsinin planlaşdırılmadığı ilə bağlı məlumat yaymışdı.
“Sky Sports”un məlumatına görə isə, İngiltərə Premyer Liqasında belə fasilələr tətbiq olunacaq. Artıq Premyer Liqa hakimlərinin müvafiq tövsiyələri də alındığı vurğulanıb.