Türkiyənin İzmir şəhərində “İzmir Cup-2023” beynəlxalq turniri keçirilir. Corner.az xəbər verir ki, Azərbaycanı bu turnirdə “Qarabağ” və “Neftçi” klublarının U-12 komandaları təmsil edirlər.
İlk oyun günündə Azərbaycna təmsilçiləri hərəyə 3 oyun keçiriblər.
E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası ilk oyununda Türkiyə “Bursaspor”u ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Ağdam klubunun 12 yaşlıları sonrakı iki oyunlarda Niderlandın “Ayaks” və Serbiyanın “Srvena Zvezda” komandalarına eyni hesabla (0:2) məğlub olublar.
“Qarabağ” sabah daha 5 oyun keçirəcək. Növbəti rəqiblər “Başakşəhər”, "Altınordu", "Manisa" (hamısı Türkiyə), "Portu" (Portuqaliya) və "Ayntraxt" (Almaniya) olacaq.
H qrupunda yer alan “Neftçi”nin U-12 komandası isə “İzmir Cup” beynəlxalq turnirində ilk matçını İtaliya təmsilçisi “Yuventus”a qarşı keçirib. “Ağ-qaralar”ın duelində qapılara qol vurulmayıb – 0:0. Türkiyənin “Girəsunspor” komandasına 1:0 hesabıyla qalib gələn “Neftçi” günün son matçında Almaniya “Şalke”sinə eyni hesabla uduzub – 0:1.
“Neftçi” sabah Türkiyənin “Beşiktaş”, İzmir şəhərinin çempionu, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tiflis) və Rusiyanın “Zenit” klubları ilə də qarşılaşacaq.