AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Region Liqasında keçirilən “Şərur” – “Babək” oyununda “Babək”in heyətində 10 nömrəli futbolçu Əsgər Əsgərov qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
U-14 Liqasında keçirilən “Arpaçay” – “Araz Naxçıvan” oyununda qarşılaşmaya aidiyyəti olmayan “Babək” komandasının baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 65-ci dəqiqəsində meydançaya daxil olaraq hakimi təhqir etdiyinə və köməkçi hakim Vüsal Xəlilzadəyə fiziki təzyiq göstərdiyinə görə 5 oyun cəzalandırılıb.
U-14 Liqasında keçirilən “Arpaçay” – “Araz Naxçıvan” oyununda “Arpaçay” komandasının baş məşqçisi Bilal Nağıyev oyunun 74-cü dəqiqəsində ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.
U-13 Liqasında keçirilən “İsmayıllı” – “Mil Muğan” oyununda “Mil-Muğan” komandasının baş məşqçisi Laçın Mustafayev oyununun 43-cü dəqiqəsində qarşılaşmanın hakimini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
U-13 Liqasında keçirilən “Ümid” – “Masallı” oyunu bitdikdən sonra “Masallı” komandasının yaş limiti pozduğu AFFA nümayəndəsi və hakim tərəfindən müəyyən edildiyinə görə “Masallı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasında keçirilən “Səbail” – “Sumqayıt” oyununun 40-cı dəqiqəsində “Sumqayıt” komandasının baş məşqçisi Vüsal Əsədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
“Dəstə Ordubad” – “Alyans Qrup” oyununda “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün qarşılaşma baş tutmayıb. Buna görə “Alyans Qrup” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanıldığına görə komanda yarışlardan kənarlaşdırılıb.
U-12 Qızlar Liqasında keçirilən “Xırdalan City” – UGİM İsmayıllı oyununun 58-ci dəqiqəsində UGİM İsmayıllı komandasının baş məşqçisi Tərlan Vahidov oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.