- Offside
- 22:48 26.11.2024
Goranboy Olimpiya İdman Kompleksinin nəzdində yaradılan cüdo bölməsinə və Naftalanda fəaliyyət göstərən cüdo təlim mərkəzinə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev tərəfindən baxış keçirilib.
ACF-dən Corner.az-a verilən məlumata görə, Goranboydakı görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy-Naftalan seçki dairəsinin millət vəkili Anar Məmmədov da iştirak ediblər. Onlar yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, hazırda cüdo bölməsində 60, ümumilikdə Goranboy rayonunda isə 200-ə yaxın gənc və yeniyetmə cüdo ilə məşğul olur.
Qonaqlar 15 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlaşan region cüdoçularının təlim-məşq prosesini izləyiblər. ACF tərəfindən təşkil edilən hazırlıq prosesində Naxçıvan, Gəncə, İsmayıllı, Şamaxı, Zaqatala, Qusar, Quba, Ucar, Yevlax, Mingəçevir, Masallı və digər regionlardan 50-yə yaxın cüdoçu iştirak edir.
Daha sonra Rəşad Nəbiyev Naftalana səfər edib və orada fəaliyyət göstərən cüdo bölməsinə baxış keçirib. Görüşdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov da iştirak edib.
Bildirilib ki, hazırda cüdo bölməsində 100-dən artıq gənc və yeniyetmə cüdo ilə məşğul olur.
Görüşlər zamanı R.Nəbiyev region idmançıları üçün mövcud olan şəraitin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparıb, müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, ACF-in dəstəyi ilə cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi tərəfdaşı olan "Taishan" firmasının tatamiləri ilə təchiz olunub.