Futzal üzrə Yüksək Liqada 2022/23 mövsümünün pley-off mərhələsinin və final matçının təqvimi müəyyənləşib. Əsasnaməyə görə, əsas mərhələni ilk “4-lük”də başa vuran komandalar mübarizəni pley-offda davam etdirəcək.
Corner.az xəbər verir ki, birinci pillənin sahibi 4-cü, ikinci yeri tutan komanda isə özündən sonrakı pillədə yer alan kollektivlə üz-üzə gələcək. Bu mərhələdə 2 qələbə qazanan komandalar finalda gücünü sınayacaq. Məğlublar isə bürünc medalçının adını müəyyənləşdirəcək.
Pley-off mərhələsində oyunların əsas vaxtı heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət daha iki hissədə mübarizə aparacaq. Yenə hesabdakı tarazlıq pozulmazsa, penaltilər seriyasına yer veriləcək.
Pley-off mərhələsinin oyunları mayın 4-də və 8-də keçiriləcək. Əgər bu iki oyun günündə finalçıların hər ikisi müəyyənləşməsə, növbəti oyun mayın 11-də baş tutacaq. Mövsümə isə mayın 15-də yekun vurulacaq. Əvvəlcə 3-cü, daha sonra isə final oyunu təşkil olunacaq, sonda isə komandalar mükafatlandırılacaq. Bu mərhələnin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.