Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlarına növbəti dəfə etimad göstərib. Corner.az saytı xəbər verir ki, AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (AVK) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Gürcüstanın Telavi şəhərində təşkil olunacaq 17 yaşadək qızların Avropa çempionatının ikinci təsnifat mərhələsində D qrupunun oyunlarına supervayzer təyin olunub. Bu qrupda ev sahibi Gürcüstanla yanaşı, Avstriya, İsrail və Rumıniya yığmaları yer alıb. D qrupunun qarşılaşmaları 21-23 aprel tarixlərində keçiriləcək.
AVF-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana isə U-17 oğlanların Avropa çempionatının ikinci təsnifat mərhələsində D qrupunun qarşılaşmalarına supervayzer təyin olunub. Oyunlar Gürcüstanın Telavi şəhərində 21-23 aprel tarixlərində keçiriləcək. Bu qrupda Estoniya, Fransa, Gürcüstan və Ukrayna yığma komandaları mübarizə aparacaq.