“Azərbaycan komandası bütün çəki dərəcələrində daim yeni istedadlar yetişdirir”. Corner.az xəbər verir ki, bu fikir Avropa Cüdo Birliyinin saytında 7- 14 may tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında debüt edəcək idmançılar haqqında dərc olunan məqalədə əksini tapıb.
Məqalədə Tbilisidəki “Böyük Dəbilqə” yarışında qalib gələn Azərbaycan idmançısı Turan Bayramovdan (60 kq) bəhs edilib. Müəllif bildirib ki, idmançı son zamanlar göstərdiyi yüksək performansa baxmayaraq hazırda öz çəki dərəcəsində ölkəsində lider deyil. Belə ki, o, hazırda 60 kq çəki dərəcəsində dünya ikincisi Balabəy Ağayevdən geri qalır.
Lakin Bayramov son uğurları ilə reytinqdə Ağayevlə arasındakı fərqi azaltmağa imkan tapıb. Bu da onu deməyə əsas verir ki, Bayramovla Ağayevin arasında olan uçurum getdikcə azalır.
Bayramov hazırda dünya çempionatlarında yüksək reytinqli idmançılar sırasında olmasa da, yenə də güclü rəqib hesab olunur:
“Azərbaycan komandası bütün çəki dərəcələrində daim yeni istedadlar yetiştirir. Ümumiyyətlə, Bayramovun son uğurları onu deməyə əsas verir ki, o, rəqabətli cüdo dünyasında yüksələn ulduz ola bilər”.