Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.
Corner.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
Qadınlarda növbəti 5 çəkidə qaliblər müəyyən edilib. Dinara İbrahimli toplam 142 kq (62+80) nəticə ilə 59 kq çəki dərəcəsində, Fazilə İmanova toplam 160 kq (72+88) nəticə ilə 64 kq çəki dərəcəsində, Fidan Mirzəzadə toplam 175 kq (75+100) nəticə ilə 71 kq çəki dərəcəsində, Rahilə Hüseynzadə isə toplam 188 kq (85+103) nəticə ilə 81 kq çəki dərəcəsində çempion adını qazanıblar.
76 kq çəki dərəcəsində isə Günel Vəliyeva fərqlənib. O, toplam 247 kq (111+136) nəticə ilə öz çəkisində qalib gəlib. Bununla yanaşı, Günel bu çəkidə 3 Azərbaycan rekordunu yeniləyib. Birdən qaldırmada 111 kq, təkanla qaldırmada 136 kq, toplamda isə 247 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.