- Offside
- 22:48 26.11.2024
Voleybol üzrə "Heydər Əliyev kuboku" başa çatıb.
Corner.az-ın məlumatına görə, final oyunlarından sonra qaliblərin adlarına aydınlıq gəlib.
İlk olaraq meydana qadın voleybolçular çıxıblar. Həlledici matçda "Abşeron" və "Azərreyl" qarşılaşıb. Son ölkə birinciliyində də final oynamış cütün bu görüşü də maraqlı mübarizədə keçib. İlk iki hissədə daha yaxşı oyun göstərən "Abşeron" 25:23 və 26:24 hesabı ilə qalib gəlsə də, üçüncü set "Azərreyl"in xeyrinə başa çatıb - 25:18. Dördüncü setdə üstünlüyü yenidən ələ alan Famil Ağayevin baş məşqçi olduğu kollektiv seti 25:20 hesabı ilə öz xeyrinə yekunlaşdırıb və meydandan qələbə ilə ayrılıb. Beləliklə, "Abşeron" ölkə çempionatının finalındakı məğlubiyyətin əvəzini çıxa bilib və "Heydər Əliyev kuboku"nun qalibi olub.
Yarışın son matçı - kişi voleybolçuların finalı isə "Xarı bülbül Şuşa" və "Murov" kollektivləri arasında baş tutub. Yüksək Liqanın finalında da üz-üzə gəlmiş komandaların duelində "Murov" 3:0 hesabı ilə qələbə qazanaraq "Heydər Əliyev kuboku"na sahib çıxıb.
Qeyd edək ki, qarşılaşmalardan sonra qaliblərin mükafatlandırma və kubokun bağlanış mərasimi keçirilib.