26 oktyabr 2024. Şənbə

Yunanlar Əliyar Ağayevdən şikayət etdi


  • Offside
  • 17:59 01.05.2023
  • Oxunma sayı: 71
Yunanlar Əliyar Ağayevdən şikayət etdi
Yunanıstanın “Aris” klubu azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Super Liqanın 33-cü turunda PAOK-la keçirilən matçdakı idarəçiliyindən şikayətçi olub. Corner.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, “Aris” 2:3 hesabı ilə məğlub olduğu qarşılaşma ilə bağlı bəyanat yayıb.
 
Bəyanatda Saloniki təmsilçisi Azərbaycandan olan hakimlər briqadası üzündən uduzduqları iddia edilib:
 
“Eyni şeyi deməkdən bezmişik. Azərbaycandan gələn hakimlə hansı konsolidasiyadan danışa bilərik? “Tumba” stadionunda daha bir gözəl “layihə” gördük. 30-cu dəqiqədə referi yüz faizlik penaltimizi və rəqibin müdafiəçisinə qırmızı vərəqəni vermədi. Qəribəsi odur ki, VAR-da oturan həmyerlisi (Kamal Umudlu) də epizod barədə ona heç nə demədi. Bu, açıq-aşkar saxtakarlıqdır. Çünki 30-cu dəqiqədə penalti və qırmızı vərəqə qərarı matçın axarını dəyişəcəkdi”.
 
Klub rəhbərliyi hücumçuları Abubakar Kamaranın 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasına da narazılıq edib:
 
“Azərbaycandan olan briqada Kamaraya qırmızı vərəqə göstərməklə PAOK-a kömək etdi. Referi həmin anda oyunçuları sakitləşdirmək əvəzinə onları təhrik etdi. Onlar missiyanı bir daha yerinə yetirdilər”.
 
Ağayev oyunda PAOK-un futbolçularına 5 sarı, “Aris” oyunçularına isə 2 sarı, 1 qırmızı vərəqə göstərib. PAOK ikinci qolu penaltidən vurub.






Offside