27 noyabr 2024. Çərşənbə

8 il əvvəl Azərbaycanda Avropa çempionu olan idmançı bu gün də dünya kubokunda qızıl medal qazanıb


  • Offside
  • 19:56 10.05.2023
  • Oxunma sayı: 71
8 il əvvəl Azərbaycanda Avropa çempionu olan idmançı bu gün də dünya kubokunda qızıl medal qazanıb

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk günündə kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə final yarışları keçirilib.

Federasiyadan Corner.az-a verilən məlumata görə, yarışlar İran və Yunanıstan komandaları üçün uğurlu olub. Kişilər arasında iranlı Sacad Purhüseyni (240.2 xal), qadınlar arasında isə yunanıstanlı Anna Korakaki (241.3 xal) qızıl medal qazanıblar.

Bugünkü oyunların gümüş medallarına Ukrayna yığması yiyələnib. Oleq Omelçuk 239.8 xalla kişilər, Olena Kosteviç 240.6 xalla qadınlar arasında final oyunlarında gümüş medala sahib olublar.

Kişilərdən almaniyalı Robin Valter (217.6 xal), qadınlardan hindistanlı Ritim Sanqvan (219.1 xal) bugünkü yarışları bürünc medalla başa vurublar.

İranlı Səcad Purhüseyni mükafatlandırma mərasimindən sonra bildirib ki, ötən il Azərbaycanda komanda növündə qızıl medal qazanıb. “Bu dəfə isə fərdi atışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində fərdi atışda ilk qızıl medalımdır. Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram”, - iranlı atıcı qeyd edib.

"2015-ci ildə Azərbaycanda keçirilən Avropa çempionatında da qızıl medal qazanmışdım. Üstündən 8 il keçəndən sonra eyni uğura yenə burada keçirilən dünya kubokunda imza atdım. Görünür, Azərbaycan mənim üçün düşərli yerdir”, - bu sözləri isə qadınlar arasında final yarışının qalibi Anna Korakaki deyib. Yunanıstanlı idmançı medalın rəngindən asılı olmayaraq, dünya çempionatının finalına vəsiqə qazanmaq əzmində olduğunu vurğulayıb.

Yarışlar sabah 10 metr məsafəyə tapançadan atəşaçma üzrə qarışıq komanda növündə davam edəcək.







Offside