"Azərbaycana beşinci səfərimdir. Üç dəfə Bakıda yarışmışam, iki dəfə Qəbələdə."
Corner.az xəbər verir ki, bu sözləri qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda gümüş medal qazanan İran atleti Haniye Rostamiyan deyib.
O, deyib: Bakıda atletlər üçün çox yaxşı şərait yaradılıb. Yarışın təşkili də yüksək səviyyədədir. Hər dəfə Azərbaycana gələndə uğurlu nəticələr əldə edirəm. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olmuşdum. Bu dəfə gümüş medal qazanmağım xoş oldu. Ümid edirəm ki, avqustda Azərbaycanda təşkil olunacaq dünya çempionatına qatılıb özüm üçün yeni uğura imza atacağam.
Budəfəki final mərhələsi mənim üçün çətin keçdi. İranda yarışlara hazırlıqla bağlı çətinlik var, sursat çatışmazlığı hökm sürür. Sursatların İrana gətirilməsində müəyyən problemlərlə üzləşirik, sanksiya var. İranda beynəlxalq yarışlara hazırlaşmaq digər ölkələrlə müqayisədə çox çətindir. Sursatı rahat şəkildə ala bilmirik. Bu da istər-istəməz məşqlərə və hazırlığa öz təsirini göstərir”.