- Offside
- 22:48 26.11.2024
Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda
keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları
Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar.
Corner.az xəbər verir ki, tədbirdə SOCAR-ın Sərmayələr və
marketinq üzrə vitse-prezidentinin müavini, Azərbaycan Koşiki-do Karate
Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyasının prezidenti
Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin,
vitse-prezidentlər Ənvər Həzərxanov və Vəli Bünyatov, baş məşqçi Nazim
Mövsümzadə, federasiya rəsmiləri və məşqçilər iştirak ediblər.
Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılara kuboklarını Adnan Əhmədzadə təqdim edib. Karateçiləri təbrik edən fəxri prezident onlara gələcək yarışlarda uğurlar arzulayıb. Daha sonra çıxış edən rəsmilər bunun böyük uğur olduğunu bildiriblər.
Ənvər Həzərxanov mötəbər yarışlarda iştirak üçün onlara daim diqqət və qayğı ilə yanaşan gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə federasiya rəhbərliyi adından minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 4 karateçi ilə
təmsil olunub. Böyüklərdə Rəşad Quliyev, Vüsal Əliyev, 16-19 yaş qrupundakı
qızlarda Sevinc Mövsümzadə, 16 yaşadək oğlanların yarışında isə Buğday Rəhimli
mübarizə aparıblar.