- Offside
- 22:48 26.11.2024
Azərbaycan cüdoçusu Hidayət Heydərovun Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatındakı uğursuzluğunun səbəbi müəyyənləşib.
Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə məlumat verib.
O, bildirib ki, 73 kq çəki dərəcəsindəki idmançının əsas medal ümidlərindən biri olduğunu, lakin zədə səbəbindən uğursuzluqla üzləşib: “Hidayət birinci görüşdən sonra dizindən zədə almışdı. İkinci dərəcəli yırtıq aşkarlanmışdı. Altı həftə məşq edə bilməyəcək. Xarakter nümayiş etdirərək, yarımfinala qədər qalib gəldi. İndiyədək başını yerə qoyaraq səhvə yol verdiyi turnir olmayıb. Heydərov müdafiə olunanda bunu etdi. Yaponlar onun hansı ayağından zədə aldığını gördülər, çünki axsayırdı. Uduzduğu görüşdə də bu amil rol oynadı”.
Baş katib, Heydərovun çəkisinin çox olmasının da performansına təsir göstərdiyini vurğulayıb: “Hətta xaricdən onun üçün dietoloq da tutmuşuq. Ümid edirik ki, bu səhvdən nəticə çıxaracaq. Çünki bizim ən çox ümid bəslədiyimiz idmançılardan biridir”.
Qeyd edək ki, Hidayət Heydərov Dohadakı mundialın bürünc medal uğrunda görüşündə yaponiyalı Soişi Haşimotoya məğlub olub.