- Offside
- 23:32 05.12.2023
"Kotsoyevin ən azı gümüş medalını əlindən aldılar".
Corner.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə Zelim Kotsoyevin Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatında çıxışı barədə danışarkən deyib.
O, hakimlərin 100 kq-da mübarizə aparan idmançının yarımfinal görüşündə yanlış qərar verdiklərini bildirib: "Rəqib kəmərdən aşağını tutmuşdu. Kadrlarda da aşkar görünür. Beləliklə, üçüncü cərimə xalı ilə uduzmalı idi. Bizə qarşı qərəzin olmasına inanmıram. Sadəcə, səhv etdiklərini dedilər".
Baş katib, cüdoçular kritik məqamlarda taktiki gedişlər zamanı düzgün qərar vermədiklərini söyləyib: "Buna misal olaraq Səid Mollayini, Balabəy Ağayevi və Zelim Kotsoyevi göstərmək olar. Yarışda mübahisəli hakim qərarları ilə yanaşı, idmançılarımızın səhvləri də olub".
Rəsullunun sözlərinə görə, hazırda əsas hədəflərinin Paris-2024 Yay Olimpiya Oyunlarıdır:
"Məşqçilər heyəti ilə işləməyə davam edəcəyik. Çünki irəliləyiş görürük.
Olimpiadaya kişilərdən 7, qadınlardan 2 cüdoçunun lisenziya qazanacağını gözləyirəm.
Medal barədə isə proqnoz verməyəcəyəm".