- Offside
- 22:48 26.11.2024
Gənclər və İdman Nazirliyi və Azərbaycan
Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 7-dən 11-dək
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr
olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.
Corner.az xəbər verir ki, şose velosipedinin
qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda 16 ölkədən 18 komandanın tərkibində
100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI)
2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı
5 mərhələli turnirə iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən
Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək
Şamaxı rayonunda finiş xəttini keçəcəklər.
İdmançılar iyunun 8-də Qəbələ – Şəki – Qəbələ
marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər
170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra
Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə
qədər 134,9 km məsafədə yarışacaqlar.
Beynəlxalq turnirin nəticələrinə əsasən
velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları
qazanacaqlar.