“Barselona”nın hücumçusu rusiyalı azarkeşlərə təşəkkür edən komanda yoldaşlarını qınayıb. Aleks Balde və Serxi Robertonu qınayıb.
Corner.az xəbər verir ki, futbolçular: Aleks Balde və Serxi Roberto La Liqadakı çempionluqdan sonra rusiyalı azarkeşlərə videomüraciət edib. Həmin müraciətdə futbolçular rus azarkeşlərə dəstəyə görə təşəkkür ediblər.
“Barselona”nın hücumçusu Robert Levandovski Polşanın “sport interia.pl” nəşrinə açıqlamasında komanda yoldaşlarının hərəkətinə təəccübləndiyini bildirib:
“Yumşaq desəm, çox təəccübləndim. Bu vəziyyəti klubdan soruşdum və bilirəm ki, bu, rəsmi mövqe deyil, La Liqa oyunlarını yayımlamaq hüququna malik media nümayəndələri ilə görüş zamanı verilən açıqlamadır.
Belə vəziyyətlərdə çox vaxt kiminlə danışdığınızı belə, bilmirsiz. Əlbəttə ki, bu, bəhanə deyil. Bildiyimə görə, klub bu vəziyyətə cavab olaraq müəyyən addımlar atmaq niyyətindədir”.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın “Dinamo” (Kiyev) klubu da Balde İlə Robertonun rus azarkeşlərlə bağlı açıqlamalarına cavab olaraq, ironiya ilə hər iki futbolçuya Rusiya Premyer Liqasında oynamağı tövsiyə etmişdi.
Onu da vurğulayaq ki, FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını öz bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıb.