26 oktyabr 2024. Şənbə

Xviça Gürcüstanda futbola marağı necə artırıb?


  • Offside
  • 11:10 27.05.2023
  • Oxunma sayı: 79
Xviça Gürcüstanda futbola marağı necə artırıb?
"Gürcüstanda hazırda futbolla yaşayırlar”.

Corner.az xəbər verir ki, bu sözləri SSRİ yığmasının və Tiflisin “Dinamo” komandasının futbolçularından olmuş Tengiz Sulakvelidze deyib. O, 1981-ci ildə UEFA-nın Kuboklar Kuboku yarışının qalibi, Avro-1988-in isə vitse-çempionu olub.

Hazırda İtaliyanın “Napoli” klubunda çıxış edən Xviça Kvaratsxeliya barədə danışan Sulakvelidze bildirib ki, bu futbolçunun sayəsində ölkəsində futbola maraq daha da artıb. O, “Sport-ekspress” qəzetinə müsahibəsində deyib:

“Kvaratsxeliya “Napoli”də əla oynayır. Bütün uşaqlar Gürcüstanda futbolçu olmaq istəyir. Pandemiyaya qədər bizim akademiyada 150 uşaq futbolla məşğul olurdu. İndi isə onların sayı 350 nəfəri keçib. Bu da Xviçanın və futbolun sayəsində mümkün olub. Hazırda Gürcüstan millisi normal çıxış edir, inkişaf nəzərə çarpır. Bizdə həmişə xalqın içindən çıxaq istedadlı oyunçular olacaq”.

Tiflis “Dinamo”su və SSRİ yığmasının daha bir oyunçusu olmuş  Otar Qabeliya da Xviça barədə fikirlərini bildirib. Veteran qapıçı deyib:
“O, əla oynayır. Amma üzərində bundan sonra da işləməlidir. Xviça inanclı insandır, kilsəyə gedir. Bildiyimə görə, artıq evlənib də. Yaxşı da edib. Yoxsa bu yaşda futbolçuların ətrafında elə qızlar olur ki, adamın ağlı başından gedir. Futbolda isə dayanmaq olmaz. Bir az boşluq buraxan kimi, artıq indi sənə olan rəğbət də əvvəlkitək olmayacaq. Ona afərin, İtaliyada çempionu oldu. Xviça və Osimhen meydanda olmayanda “Napoli” yaxşı  oynamır. 3-4 oyunçusu yüksək səviyyədədir, qapıçıları pis deyil”.

Qabeliyanın fikrincə, Xviça ilə birgə indi Gürcüstan millisi axır ki, Avropa və dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmalıdır: “İndi bizim yaxşı qalaktikamız var. Amma 3-4 oyunçu ilə çox uzağa gedə bilməzsən. Yaxşı oyunçular daha çox olmalıdır”.

Xatırladaq ki, Kvaratsxeliya 2022–ci ilin yayında, 21 yaşındaykən “Napoli”yə transfer olunub. İlk vaxtda əsas heyətin daimi üzvünə çevrilən sol vinger komadasının uğurlarında önəmli pay sahibi olub. O, A seriyasında 32 matçda 12 qol vurub, 13 qolun ötürməsini edib. Çempionlar Liqasında isə 9 matçda 2 dəfə rəqib qapısına yol tapıb, 7 dəfə qolla nəticələnən ötürmə verib. Xviça bu mövsüm “Napoli” ilə İtaliya çempionu olub.






Offside