- Offside
- 22:48 26.11.2024
Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirini 3 medalla başa vurub.
Corner.az xəbər verir ki, yarışa 12 idmançı ilə yollanan komanda 2 gümüş, 1 bürünc medalla kifayətlənib.
Son gündə 90 kq çəki dərəcəsində iki cüdoçu mübarizəyə qoşulub. Elcan Hacıyev ilk görüşünə 1/16 finalda çıxıb və belçikalı Karel Fubertə məğlub olub.
Murad Fətiyev də yarışa 1/16 finaldan qoşulub. 24 yaşlı idmançı ispaniyalı Daniel Trinidaddan güclü olsa da, növbəti raundda büdrəyib. Fətiyev Avstriya təmsilçisi Tomas Şarfetterə uduzub.
Qeyd edək ki, Qran-prinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.