- Offside
- 22:48 26.11.2024
“Oyun barədə çox danışmayacam. Komandamı təbrik edirəm. İlk turdan son tura kimi iddiamızdan əl çəkmədik. Mövsüm ərzində enişdə olduğumuz vaxtlar da oldu. Amma komanda şəklində inanırdıq ki, sona kimi müqavimət göstərə biləcəyik. Düşünürəm ki, avrokuboklara layiqli şəkildə vəsiqə qazandı”.
Corner.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının sonuncu - 36-cı turunda “Kəpəz”lə matçdan (1:1) sonra “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
O, sona kimi “Qəbələ”nin uğuruna inandığını bildirib: “Təbii ki, heç kim səhvdən sığortalanmayıb. Hər şey ola bilərdi. Amma mən futbolçularıma güvənirdim. Hətta bu gün dördüncü yeri tutmasaydıq belə, komandam iddialıdır və düşünürəm ki, kuboku qazanaraq Konfrans Liqasına yollanardıq”.
Elmar Baxşıyev paralel keçən “Sumqayıt” - “Zirə” oyununun nəticəsi ilə maraqlanmadıqlarını bildirib: “Bizi düşündürən öz oyunumuz idi. Daha çox “Kəpəz”lə matçımıza köklənmişdik”.
“Avrokuboklara gedən yolda “Zirə” üzərində Qəbələdə qazanılan qələbəni dönüş nöqtəsi hesab etmək olar?” sualını o, belə cavablandırıb: “Məncə, qazandığımız hər bir xal önəmlidir. Tək “Zirə” ilə matçları fərqləndirməzdim. Qış fasiləsindən sonra çox oyunlarda geridönüş etdik. Bu da komandanın xarakterini göstərir. Sevindirici haldır ki, ardıcıl iki il avrokuboklara vəsiqə qazanırıq. Amma mən hər zaman “Qəbələ”nin daha güclü olmasını istəyirəm. Qarşıda hələ kubokun finalı var. Düşünürəm ki, rəhbərliklə komandanın inkişaf etdirilməsi məsələni müzakirə edəcəyik”.
Baxşıyev artıq Konfrans Liqasına vəsiqə qazandıqları üçün “Neftçi” ilə kubokun finalına gərgin vəziyyətdə çıxmayacaqları fikrinə də münasibət bildirib: “Bizim komandada heç vaxt gərginlik olmur. Uduzduğumuz matçlarda da futbolçulardan komanda şəklində soyuqqanlı olmalarını istəmişik. Düzdür, bəzən alınır, bəzən isə yox. Razıyam ki, bu matçda hədəfimizə çatmasaydıq, final öncəsi futbolçularda bir qədər stress ola bilərdi. Lakin inkişaf etmək istəyiriksə, həmin stressin altında da oynamağı bacarmalıyıq”.
Elmar Baxşıyev final matçını hansı hakimin idarə etməsinin ciddi önəm daşımadığını bildirib: “Hakimliklə bağlı istəyimiz yoxdur. İstəyim komandamla bağlıdır. Arzu edirəm ki, komandam finalda da istəyindən əl çəkməsin, dominant futbol nümayiş etdirsin”.
O, zədədən əziyyət çəkən kapitan Asif Məmmədovun “Kəpəz”lə matçda ehtiyat oyunçular skamyasında yer almasına aydınlıq gətirib: “Asifin ehtiyat oyunçular skamyasında oturmasını mən istədim. O, komandanın kapitanıdır və düşünürəm ki, nə qədər çox yanımızda olsa, bir o qədər yaxşıdır”.
Elmar Baxşıyev bildirib ki, kubokun finalının “Neftçi”nin meydanında keçirilməsi komandasının çıxışına təsir etməməlidir: “Biz də Qəbələdə final keçirib, uduzmuşuq. Ona görə də hər hansı mənfi təsirin olacağını düşünmürəm. Finalın öz ab-havası var. Daha çox istəkli olan komanda kuboku qazanır. Stadion amili ciddi rol oynamayacaq”.
Mütəxəssis qeyd edib ki, uğurlu çıxış qarşılığında “Qəbələ”nin futbolçularının məvacibləri artırılmalıdır: “Ən önəmlisi komandanın heyətini qorumaqdır. Rəhbərlik də bilir ki, 2 il ardıcıl avrokuboklara vəsiqə qazanan futbolçuların inkişafı üçün qazancları da qalxmalıdır. İnanıram ki, bu baxımdan müsbət siqnal alacağıq. Çalışmalıyıq ki, bu heyəti qoruyaq, eləcə də bir qədər də güclənməklə yolumuza davam edək”.
O, komandadan mümkün gedişi barədə sualı da cavablandırıb: “Bu barədə çox danışılır, çox yazılır. Hələ ki burdayam, “Qəbələ”nin baş məşqçiyəm. Gələcəkdə nə olacağını zaman göstərəcək. “Qəbələ”də olduğum müddətdə heç vaxt müqavilənin müddəti barədə düşünməmişəm. Hər şey qarşılıqlı hörmət əsasındadır. Çünki mən “Qəbələ” üçün yad biri deyiləm”.
Sonda Baxşıyev finalda “Neftçi”ni məğlub etməklə “ağ-qaralar”ın sükanı arxasına keçəcəyi barədə iddiala toxunub: “Finalda “Neftçi”ni məğlub edib, sonrasına baxmaq istəyirəm. Hazırda bütün fikrim “Qəbələ”dədir”.