“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 36-cı turunun “Şamaxı” ilə qarşılaşmasından sonra (1:0) açıqlama verib.
Corner.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları deyib:
“Hər birinizə təşəkkür edirəm! Professionallığınızın qarşısında baş əyirəm! Milli komandadan tutmuş yerli komandaya qədər baş məşqçilik etmişəm. Bu gün keçirilən oyun həyatımın ən çətin oyunu idi. Çətinliklərə öyrəşmişəm. “Səbail”in aşağı yaş qruplarına baxdıqda ürəyim ağrıyırdı. İçimdə bir söz var, onu deyəcəyəm: “Şamaxı”nın getməsi Azərbaycan futboluna zərbə oldu. Üç peşəkar liqa olursa, reqlamentlərə əməl etmək olar. “Şamaxı”dan çox futbolçu gedəcək, az qismi qalacaq. Çempionatda rəqabət var idi. Hər şey çox çətin olacaq. Son nəfəsimə qədər onların getməsini istəmirdim. Premyer Liqada axırıncı yeri tutan aşağı liqaya yuvarlanırsa, birinci divizionda aşağı yer tutan komanda nə üçün Region Liqasına düşmür? Belə olduğu halda, biz itiririk. Çox şeyə göz yummuşuq. Nə üçün belə etməliyik? Rəqabət çoxaldıqca futbolçular artır. Bu, milli komanda üçün də xeyirdir. Mən İcraiyyə Komitəsindən xahiş etməyə hazıram ki, “Şamaxı” aşağı liqaya yuvarlanmasın.
Bu gün 17 epizod var ki, həmin anlarda bizə haqsızlıq edilib. “Şamaxı”nı dörd xal qabaqladıq. Bu, bəs deyil? Komandaya baş məşqçi təyin olunandan sonra 19 xal toplamışıq. Üç futbolçunun gəlməsini istəyirdim. Onlara başımla cavabdeh idim. Bütün oyunları izləyin: yalnız fərdi epizodlarda uduzmuşuq.
Komandaya təzə gəlmişəm, hara gedirəm? Oyundan sonra klubun prezidenti ilə danışdım. Qarşıdakı mövsüm iddialı “Səbail” görəcəyik. Gecə nəsə fikirləşib çıxarmasalar, medallar uğrunda mübarizə aparacaq kollektiv görə bilərik. Mükafatın məbləği 7000-dir.
Biz futbol oynaya bilərik. Sponsorla danışdıqdan sonra büdcəyə uyğun transferlər edəcəyik. Daha keyfiyyətli futbolçuları heyətə cəlb etməliyik. Yüz faiz dəyişiklik olmayacaq. Heyətin 50%-dən çoxu qalacaq. Onlar məni qane edirlər. Biz bu mövsüm daim təzyiq altında olmuşuq. Oyunçularımın hər birindən razıyam, onlara təşəkkür edirəm. Yumruq kimi birləşdilər. Son dəqiqələrdə yaşananlara görə sizlərdən üzr istəyirəm. Emosionallıq özünü göstərdi. Futbolçular belə etməməli idilər.
Qoba Zakpanın etdiyi hərəkəti dəstəkləmirəm. Amma bu, kiməsə qarşı deyildi. Oradan heç nə görünmürdü. Kaş, həmin hərəkəti mənə edərdi. İlahi ədalət hər zaman öz yerini göstərir!”