Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib.
Corner.az xəbər verir ki, turnir 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Açılış mərasimindən öncə Dövlət Himni səsləndirilib. Kubokun rəsmi açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar.
Sumqayıtdakı Paralimpiya İdman Kompleksində keçirilən yarışda 100-dən çox sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Bakıdan və ölkənin müxtəlif bölgələrindən yarışlara qatılan uşaq paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) öz güclərini sınayıblar.
Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə 2013-cü ildə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıblar.