"Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq"
Corner.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib: "Hər iki komanda kuboku qazanmağa motivasiyalıdır. Rəqib çox yaxşı komandaya malikdir. Onlara hörmətlə yanaşmalı, finala kimi gəldikləri yola nəzər yetirməliyik. Bura qədər çox güclü komandalara qalib gəliblər. Qələbə üçün əlimizdən gələni edəcəyik. Buna hazırıq. Ümumilikdə şanslar yarı-yarıyadır".
Baş məşqçi penalti zərbələrinə də hazır olduqlarını söyləyib: "Təkcə 90 yox, 120 dəqiqəyə də, penaltilər seriyasına da hazırıq".
Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.